🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Təəccüblənməyin: bu, illərin laqeydliyinin nəticəsidir

Azərbaycan.media xəbər verir ki, yazıçı-jurnalist Samirə Əşrəfin fikrincə, liseydə müəllimin şagird tərəfindən ov tüfəngi ilə güllələnməsi cəmiyyətdə şok və çaşqınlıq yaradıb. Hamı eyni sualları verir: Niyə? Necə oldu? Səbəb nə idi?
Amma əsas sual budur: biz nəyə təəccüblənirik?
Samirə Əşrəf hesab edir ki, kitab oxumayan, düşünməyi öyrənməyən, gününü-gecəsini TikTok-da keçirən, mənasız “canlı yayım”larda yuxuya gedən bir nəslin aqibəti başqa cür ola bilməzdi. Bu, təsadüf deyil, illərdir göz görə-görə gələn bir nəticədir. Üstəlik, bu cür hadisələr hələ başlanğıcdır.
Lisey direktorunun hadisəni “ehtiyatsızlıq” kimi təqdim etməsi də yazıçı-jurnalistin diqqətindən yayınmır. Onun fikrincə, bu cür açıqlamalarla hər iki tərəfi qorumağa cəhd göstərilir, amma əsas suallar cavabsız qalır.
“Niyə demirlər ki, liseyə ov tüfəngi necə daxil olub? Mühafizə hara baxıb? Müəllim və şagird arasındakı münasibətlər hansı həddə çatıb ki, belə bir faciə yaşanıb?” – deyə Samirə Əşrəf sual edir.
Yazıçı-jurnalist bildirir ki, bu gün gənclərin əsas vaxtını keçirdiyi sosial şəbəkələr, xüsusilə də TikTok ciddi təhlükə mənbəyinə çevrilib. Onun sözlərinə görə, gecəni səhərə qədər yatmayan insanlar, pulsuzluqdan hər cür oyunu “kontent” adı ilə nümayiş etdirənlər, dilənçiliyi normallaşdıranlar həmin platformada toplaşıb və bu mühit uşaqların psixologiyasına birbaşa təsir edir.
Samirə Əşrəf etiraf edir ki, əvvəllər bu kimi hadisələr baş verəndə emosional şəkildə yazılar yazır, vaxtını və enerjisini sərf edirdi. Lakin indi bunu etmir:
“Çünki yorulmuşam. Əminəm ki, mənim kimi bir çox qələm adamı artıq laqeydləşib, hissiyyatsızlaşıb. Nə qədər divara dəyib geri qayıtmaq olar? Biz deyə-deyə yorulduq. Laqeydlik bizi də yordu.”

Mənbə: Azərbaycan.media