🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Moskvada Qələbə paradı keçirilir – Putin bir dəqiqəlik sükut elan edib

Azərbaycan.media xəbər verir ki, Moskvada faşizm üzərində qələbənin 81-ci ildönümünə həsr olunmuş hərbi parad keçirilir.
Rusiya KİV-inin məlumatına görə, Rusiya Prezidenti Vladimir Putin Qızıl Meydana gəlib, paradı isə müdafiə naziri Andrey Belousov qəbul edib.
Belousov Quru Qoşunlarının komandanı Andrey Mordviçevlə birlikdə Qızıl Meydana çıxaraq hərbi birləşmələrin qarşısından keçib. Qeyd edək ki, Mordviçev Moskvada keçirilən Qələbə paradına ilk dəfə komandanlıq edir.
Müdafiə nazirinin məruzəsindən sonra çıxış edən Vladimir Putin sovet əsgərlərinin irsinin müqəddəs olduğunu bildirib. O vurğulayıb ki, sovet xalqı nasizmin məğlub edilməsində həlledici rol oynayıb və Hitler Almaniyasının işğal etdiyi ölkələrin suverenliyinin bərpasına töhfə verib.
Prezident çıxış zamanı faşizm qurbanlarının xatirəsini yad etmək üçün bir dəqiqəlik sükut elan edib.
Paradda Belarus Prezidenti Aleksandr Lukaşenko oğlu Nikolayla birlikdə iştirak edir. Tədbirə həmçinin Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Laos Prezidenti Thongloun Sisoulith, Malayziyanın ali hökmdarı Sultan İbrahim, Cənubi Osetiya rəhbəri Alan Qaqloyev, Abxaziya Prezidenti Badra Qunba və Serb Respublikası Prezidenti Sinişa Karan da qatılıblar.
Rusiya Müdafiə Nazirliyinin məlumatına əsasən, Qızıl Meydanda müxtəlif qoşun növlərini təmsil edən ali hərbi təhsil müəssisələrinin kursantları və Ukraynadakı hərbi əməliyyatlarda iştirak edən hərbçilər keçid edirlər.
Paradda pilotaj aviaqrupunun nümayiş uçuşu da nəzərdə tutulub. Tədbirin sonunda Su-25 hücum təyyarələrinin Moskva səmasını Rusiya bayrağının rənglərinə boyaması planlaşdırılır.
Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, təhlükəsizlik səbəbindən builki parad qısaldılmış formatda keçirilir və hərbi texnika nümayiş olunmur. O əlavə edib ki, 2026-cı il yubiley ili hesab edilmir.