Azərbaycan.media xəbər verir ki, Moldova hökumətinin başçısı Aleksandru Muntyanu ölkədə son dövrlər artan siyasi və regional gərginliklə bağlı diqqətçəkən açıqlamalar verib. Baş nazir “Agerpres” nəşrinə müsahibəsində Dnestryanı və Qaqauziya bölgələrində baş verən proseslərin təsadüfi olmadığını bildirib.
Muntyanunun sözlərinə görə, hər iki bölgədə müşahidə olunan gərginlik eyni mərkəzdən idarə olunur və həmin mərkəz Rusiyadır. O iddia edib ki, Moskva regionda təsir imkanlarını genişləndirmək məqsədilə genişmiqyaslı təbliğat və dezinformasiya kampaniyası həyata keçirir.
Baş nazir qeyd edib ki, müxtəlif saxta xəbərlər və manipulyasiya vasitələri ilə cəmiyyətdə parçalanma yaratmağa çalışılır:
“Biz elə bir dövrdə yaşayırıq ki, saxta xəbərlər və manipulyasiyalar sürətlə yayılır. İnsanları bir-birinə qarşı qoymaq və yeni gərginlik ocaqları formalaşdırmaq üçün böyük maliyyə resursları sərf edilir”.
Xatırladaq ki, bundan əvvəl Moldova prezidenti Maya Sandu Dnestryanı bölgəsinin silahsızlaşdırılması və ölkəyə reinteqrasiyası ilə bağlı konkret planların hazırlandığını açıqlamışdı. Yerli KİV-in məlumatına görə, Kişinyov administrasiyası hazırladığı “qayıdış planı”nı artıq Brüsselə təqdim edib.
Son aylarda Moldova ilə Rusiya arasında münasibətlərin daha da kəskinləşdiyi bildirilir. Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Moldovanı bölgədəki rus hərbi qüvvələrini sıxışdırmaqda ittiham edib. Buna cavab olaraq isə rəsmi Kişinyov Dnestryanıda yerləşən Rusiya hərbi qruplaşmasının rəhbərliyini “persona non qrata” elan edərək ölkədən çıxarıb.
