Azərbaycan.media xəbər verir ki, mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın dahi oğlu və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür.
Bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər.
Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin məzarı önünə əklil qoyaraq onun əziz xatirəsini ehtiramla yad edib.
Daha sonra birinci xanım Mehriban Əliyeva da Ulu Öndərin xatirəsini dərin hörmətlə anıb.
Mərasim zamanı Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Dövlət başçısı və birinci xanım, həmçinin Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarı üzərinə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Bununla yanaşı, tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri anılıb.
