Azərbaycan.media xəbər verir ki, Elektron Təhlükəsizlik Xidməti (Milli CERT) steqanoqrafiya texnikalarından istifadə edilərək dövlət və bank sektorunu hədəfləyən kiberhücum cəhdini təhlil edib. Bu barədə “APA-Economics”ə Xidmətin rəsmi açıqlamasında bildirilib.
Məlumata görə, araşdırma zamanı hücum ssenarisində zərərli komponentlərin legitim görünən fayllar daxilində gizləndirildiyi müəyyən edilib. İstifadəçi həmin faylı açdığı təqdirdə isə “Remcos RAT” tipli zərərli proqram təminatı yüklənir və sistem üzərində tam uzaqdan idarəetmə əldə etmək mümkün olur.
Hücuma dair texniki indikatorlar (IOC-lar) misp.cert.az platformasına əlavə edilib.
Milli CERT təşkilatları şübhəli fəaliyyətlər, aşkar edilmiş indikatorlar və digər kiberinsidentlərlə bağlı operativ məlumat mübadiləsi aparmağa və əməkdaşlığa çağırır.
