🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Makronun baş diplomatı Ukrayna məsələsi üzrə danışıqlar üçün Moskvada olub

Azərbaycan.media xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makronun diplomatik məsələlər üzrə əsas nümayəndəsi fevralın 3-də Rusiya rəsmiləri ilə danışıqlar aparmaq məqsədilə Moskvada səfərdə olub.

Bu barədə “Röyters” agentliyinə diplomatik mənbələr açıqlama verib. Bildirilib ki, 2019-cu ildən Fransa prezidentinin diplomatik şöbəsinə rəhbərlik edən Emmanuel Bonn Kremlin nümayəndələri ilə görüş keçirib. Mənbələr əlavə təfərrüat açıqlamasa da, danışıqların əsas məqsədinin başda Ukrayna məsələsi olmaqla əsas mövzular üzrə dialoq aparmaq olduğu qeyd edilib.

Fransanın baş naziri danışıqların keçirilməsi faktını nə təsdiqləyib, nə də təkzib edib. Bununla belə, o bildirib ki, müzakirələr texniki səviyyədə və tam şəffaflıq şəraitində aparılır.

“Prezident dünən öz ofisində dediyi kimi, müzakirələr tam şəffaflıq şəraitində texniki səviyyədə həyata keçirilir və Prezident Zelenski, eləcə də əsas avropalı tərəfdaşlarla məsləhətləşmələr əsasında aparılır”, – deyə Fransa hökumət başçısı vurğulayıb.

İki diplomatik mənbənin sözlərinə görə, müttəfiq ölkələr bu təşəbbüs barədə əvvəlcədən məlumatlandırılıb. Həmçinin bildirilib ki, Emmanuel Bonn Rusiya Prezidenti Vladimir Putinin baş köməkçisi Yuri Uşakovla danışıqlar aparıb.