Azərbaycan.media xəbər verir ki, Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin böyük oğlu Seyf əl-İslam Qəddafi evində silahlı hücum nəticəsində həyatını itirib.
Qəddafi ailəsinə yaxın mənbə bildirir ki, Seyf əl-İslam Liviyanın qərbindəki Zintan şəhəri yaxınlığında 4 nəfər tərəfindən öldürülüb. Mənbə əlavə edib ki, onu öz bağında yaralayan cinayətkarlar sürətlə ərazidən uzaqlaşıblar.
Liviyanın rəsmi xəbər agentliyi LANA Seyf əl-İslam Qəddafinin müşaviri və siyasi komandasının rəhbəri Abdullah Osmanın açıqlamasına istinadla onun ölümünü təsdiqləyib.
Qeyd edək ki, 53 yaşlı Seyf əl-İslam Qəddafi son dövrlərdə atasının yerinə keçəcəyi ilə bağlı xəbərlərlə gündəmə gəlmişdi. Beynəlxalq Cinayət Məhkəməsi 2011-ci ilin iyununda onun barəsində həbs qərarı çıxarmış, Müəmmər Qəddafinin ölümündən sonra isə 2011-ci ilin noyabrında Ubaridə həbs olunmuşdu. O, 2015-ci ildə mühakimə edilərək edam cəzasına məhkum olunmuş, lakin 2017-ci ildə azadlığa çıxmışdı.
Xatırladaq ki, Müəmmər Qəddafi 20 oktyabr 2011-ci ildə Liviyanın Sirte şəhərində müxalifət silahlı qüvvələri tərəfindən öldürülmüşdü.
