🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Azərbaycanda hava kəskin dəyişib: güclü külək, qar və buzlanma gözlənilir

Azərbaycan.media xəbər verir ki, hazırda ölkə ərazisində hava şəraiti mürəkkəb sinoptik proseslərin təsiri altında formalaşır.

Bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova bildirib. Onun sözlərinə görə, fevralın 3-ü axşam saatlarından başlayaraq şimal-qərb istiqamətindən ölkə ərazisinə daxil olan arktik və Sibir mənşəli soyuq hava kütlələri temperaturun kəskin enməsinə və küləyin güclənməsinə səbəb olub.

Eyni zamanda rütubətli Aralıq dənizi siklonunun təsiri ilə buludluluğun artdığı, yağış, bəzi yerlərdə sulu qar və qar yağmasının müşahidə olunduğu qeyd edilib. Fərqli xüsusiyyətlərə malik hava kütlələrinin qarşılıqlı təsiri nəticəsində atmosferdə təzyiq qradiyenti yüksəlib və qeyri-sabitlik yaranıb.

G.Abbasova bildirib ki, bu səbəbdən ölkə ərazisində, xüsusilə Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsir, çovğun müşahidə olunur. Hazırda Bakı və Abşeron yarımadasında küləyin maksimal sürəti 28 m/s-yə çatır.

Məlumata görə, küləkli hava şəraitinin fevralın 5-i səhərədək davam edəcəyi gözlənilir. Fevralın 4-dən 5-nə keçən gecə Abşeron yarımadasının bəzi ərazilərində temperaturun 0 dərəcədən mənfi 2 dərəcəyədək enməsi nəticəsində yolların buz bağlama ehtimalı var.

Qeyd olunub ki, bölgələrdə də intensiv yağıntılar davam edəcək, xüsusilə dağlıq və dağətəyi rayonlarda yolların buz bağlaması gözlənilir.