Azərbaycan.media xəbər verir ki, 2026-cı il 1 yanvar tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 4 813,5 milyon ABŞ dolları təşkil edib. Bu məbləğ 2025-ci il üzrə faktiki ÜDM-in 6,3%-inə bərabərdir (129 094,0 milyon manat və ya 75 937,6 milyon ABŞ dolları).
Xarici dövlət borcu 2025-ci ilin əvvəli ilə müqayisədə 316,2 milyon ABŞ dolları və ya 6,2% azalıb. Azalma əsasən vaxtı çatmış əsas borc ödənişlərinin həyata keçirilməsi ilə bağlıdır: kredit sazişləri çərçivəsində 106,8 milyon ABŞ dolları məbləğində vəsait istifadə olunub və xarici valyuta məzənnələrinin ABŞ dollarına nisbətən möhkəmlənməsi nəticəsində 49,8 milyon ABŞ dolları artım baş verib. Bununla belə, 472,8 milyon ABŞ dolları həcmində əsas borc ödənişləri xarici dövlət borcunun azalmasına səbəb olub. Nəticədə, xarici dövlət borcunun ÜDM-ə nisbəti 2025-ci ilin əvvəli ilə müqayisədə 0,6 faiz bəndi azalıb.
Qeyd edilib ki, xarici dövlət borcunun tərkibində dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər 49,5%, sabit faiz dərəcəsi ilə olanlar isə 50,5%-ni təşkil edir. Xarici dövlət borcu portfelinin 35,4%-i Asiya İnkişaf Bankına, 28,8%-i avrobondlara, 13,7%-i Dünya Bankına, 22,1%-i isə digər kreditorlara aiddir.
