Azərbaycan.media xəbər verir ki, ictimai gündəmin süni şəkildə formalaşdırılması təkcə Azərbaycana xas deyil. Türkiyədə də oxşar mənzərə müşahidə olunur: cəmiyyət real problemlərdən çox, mənasız və emosional mövzular ətrafında müzakirələrə cəlb edilir. Son günlər Türkiyə mediasında müğənni Fatih Ürəyin vəfatından sonra yaranan miras mübahisəsi də bunun bariz nümunəsidir.
Sənətçi artıq həyatda yoxdur və onun maddi var-dövləti qanunvericiliyə uyğun olaraq ailə üzvlərinə qalır. Bu, hüquqi baxımdan tamamilə normal və mübahisəsiz bir prosesdir. Lakin mərhumun bacılarının puluna, əşyalarına və digər miras elementlərinə sahib çıxması bəzi media qurumları və sosial şəbəkə istifadəçiləri tərəfindən sensasiya predmetinə çevrilib. Əslində isə burada müzakirə olunacaq hüquqi bir problem yoxdur.
Miras məsələsində kimin nə vaxt və hansı niyyətlə hərəkət etməsi artıq mənəvi ölçülərlə bağlıdır. Hər kəsin əxlaq anlayışı, dəyərlərə baxışı eyni deyil. Bu səbəbdən “niyə dərhal sahib çıxdılar?”, “niyə gözləmədilər?” kimi suallar hüquqdan çox şəxsi münasibətlərin predmetidir. Belə olan halda bu qədər söz-söhbətin, ittihamın və emosional reaksiyanın nə qədər əsaslı olduğu ciddi sual doğurur.
Əgər doğrudan da miras hüquqi baxımdan kiməsə çatmamalı idi və buna baxmayaraq haqsız şəkildə mənimsənilibsə, bu zaman ədalət naminə mövzunun qabardılması anlaşılandır. Lakin miras onsuz da həmin şəxslərə düşür və qanun çərçivəsində verilibsə, saytların və sosial platformaların bu mövzunu silaha çevirməsi nəyə lazımdır?
Reallıq budur ki, bu tip mövzular hamı üçün “təhlükəsizdir”. Müğənnilər, şou-biznes simaları üzərindən gündəm yaratmaq risk daşımır, əksinə, klik, oxunuş və reklam gətirir. İctimai, siyasi və ya sosial məsuliyyət tələb edən problemlərdən fərqli olaraq, bu cür mövzular heç kimi narahat etmir və heç bir real nəticə doğurmur.
Təəssüf ki, həm bizdə, həm də Türkiyədə bu oyunlara aldananların sayı az deyil. Cəmiyyətin diqqəti real problemlərdən yayındırılır, süni qalmaqallar isə “gündəm” adı altında təqdim olunur. Nəticədə zərərsiz kimi görünən bu mövzular düşüncə tərzimizi və informasiya prioritetlərimizi formalaşdırır.
Müəllif: Günel Natiq
Mənbə: Azərbaycan.media
