Azərbaycan.media xəbər verir ki, ABŞ Nigeriyaya kiçik hərbi kontingent göndərdiyini rəsmən təsdiqləyib.
Bu barədə “Reuters” agentliyi ABŞ Silahlı Qüvvələrinin Afrika Komandanlığının rəhbəri general Daqvin Andersona istinadən xəbər yayıb.
Agentlik qeyd edir ki, sözügedən addım ABŞ hərbçilərinin Nigeriya ərazisində mövcudluğunun ilk rəsmi təsdiqi hesab olunur. Bildirilir ki, kontingentin yerləşdirilməsi ABŞ və Nigeriya arasında Qərbi Afrikada terror təhlükəsinə qarşı mübarizənin gücləndirilməsi ilə bağlı əldə edilən razılaşmadan sonra mümkün olub.
General Daqvin Andersonun sözlərinə görə, bu qərar iki ölkə arasında hərbi əməkdaşlığın möhkəmlənməsinə xidmət edir:
“Bu, ölkələrimiz arasında əməkdaşlığın güclənməsinə, o cümlədən ABŞ tərəfindən unikal imkanlar təqdim edən kiçik bir komandanın göndərilməsinə gətirib çıxardı”.
Məlumata görə, missiyanın miqyası və şəxsi heyətin dəqiq sayı açıqlanmayıb.
