🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Prezident İlham Əliyev Əbu-Dabidə Müsəlman Ağsaqqalları Şurasının baş katibi ilə görüşüb

Azərbaycan.media xəbər verir ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Əbu-Dabi şəhərində Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam ilə görüşü olub.

Məhəmməd Əbdülsalam Azərbaycana səfərlərini və dövlət başçısı ilə əvvəlki görüşlərini məmnunluqla xatırlayıb. O, Prezident İlham Əliyevi “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi münasibətilə bir daha təbrik edib.

Prezident İlham Əliyev göstərilən diqqətə və yüksək mükafata görə minnətdarlığını bildirərək, Zayed Fondunun fəaliyyətini, xüsusilə Birləşmiş Ərəb Əmirliklərinin qurucusu Şeyx Zayed bin Sultan Al Nəhyanın humanitar irsinin və bəşəri dəyərlərinin dünyada təşviqində oynadığı mühüm rolu yüksək qiymətləndirib.

Görüş zamanı qeyd olunub ki, Azərbaycan Prezidentinin bu mükafata layiq görülməsi Roma Papası XIV Leonun, eləcə də Əl-Əzhər Şərifin şeyxi, böyük imam Əhməd Əl-Tayyibin Prezident İlham Əliyevin sülhün bərqərar olunması istiqamətindəki fəaliyyətinə verdikləri yüksək qiymətin təzahürüdür.