🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

“Epşteyn faylları”: Müqəddəs Kəbə örtüsünün bir hissəsinin Ceffri Epşteynə göndərildiyi üzə çıxıb

Azərbaycan.media xəbər verir ki, ABŞ Ədliyyə Departamentinin açıqladığı “Epşteyn faylları”nda müqəddəs Kəbə örtüsü (“Kisvə”) ilə bağlı faktlar ortaya çıxıb.

“Middle East Eye” nəşri yazır ki, 2017-ci ilin fevral və mart aylarına aid yazışmalar Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yaşayan iş adamı Əzizə əl-Əhmədinin Kəbə örtüsünə aid üç fərqli parçanı Epşteynin Floridadakı malikanəsinə çatdırdığını göstərir.

Sənədlərdə həmin hissələr arasında Kəbənin daxili örtüyü, istifadə olunmuş xarici parça və eyni materialdan hazırlanmış xüsusi nümunə yer alıb. Ə. əl-Əhmədinin Epşteynə ünvanladığı məktubda həmin parçanın milyonlarla müsəlmanın dua və ümidlərini daşıyan müqəddəs bir əmanət olduğu qeyd edilib.

Məlumat üçün bildirək ki, üzərində qızıl və gümüş saplarla “Qurani-Kərim”dən ayələrin işlənmiş “kisvə” hər il Həcc mövsümündə yenisi ilə əvəz olunur. Köhnə kisvə parçaları isə hissələrə bölünərək xüsusi şəxslərə və muzeylərə təqdim edilir.

Yeni yayımlanan FTB memorandumunda həmçinin Epşteynin kəşfiyyat əlaqələrinə dair məqamlar da yer alıb. Sənədlərdə göstərilir ki, o, İsrailin keçmiş Baş naziri Ehud Barakla yaxın münasibətdə olub və müəyyən kəşfiyyat tapşırıqlarında iştirak edib. Yazışmalarda Epşteynin köməkçisi vasitəsilə Ə. əl-Əhmədiyə DNT test dəsti göndərməsi və şəxsi adadakı vəziyyətlə bağlı mütəmadi təmasların qurulması diqqət çəkib.

Xatırladaq ki, sənədlər Epşteynin ölümündən sonra aparılan genişmiqyaslı araşdırmalar çərçivəsində ictimaiyyətə təqdim olunub.