Azərbaycan.media xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Ceffri Epşteynlə hər hansı dostluq münasibətinin olmadığını və onunla bağlı yayılan iddiaları növbəti dəfə təkzib edib.
Tramp bu barədə özünün “Truth” sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, ABŞ Ədliyyə Nazirliyi tərəfindən yeni açıqlanan məlumatlar Epşteynlə yazıçı Maykl Volfun ona və prezidentliyinə zərər vurmaq məqsədilə əlbir olduqlarını göstərir.
ABŞ prezidenti qeyd edib ki, bu faktlar Radikal Solun ümid bəslədiyi iddiaları puça çıxarıb və o, bu məsələ ilə bağlı bəzi şəxsləri məhkəməyə verəcəyini planlaşdırır.
“Boş-boş danışmağı sevən bir çox insanlardan fərqli olaraq, mən o iyrənc Epşteyn adasına heç vaxt getməmişəm. Amma korrupsiyalaşmış Demokratların və onların donorlarının demək olar ki, hamısı orada olub”, – deyə Tramp paylaşımında vurğulayıb.
