🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Natiq Qəzənfəroğlu: “Musiqi mənim üçün Tanrı ilə tək qalmaqdır”

Azərbaycanın zəngin musiqi irsini çağdaş bir yozumla dünyaya təqdim edən bəstəkar Natiq Qəzənfəroğlu, əsərləri ilə beynəlxalq dinləyicilərin diqqətini cəlb etməyə davam edir. Bu çox xüsusi müsahibədə o, sənət yolundan, bəstəkarlıq dünyagörüşündən və musiqinin universal gücü haqqında düşüncələrindən bəhs edir. Gəlin, notların arxasında gizlənən hekayəyə birlikdə nəzər salaq.

-Musiqi ilə ilk təmasınız nə vaxt və necə oldu? Bəstəkar olmağa sizi yönəldən bir anı xatırlayırsınızmı?

-“Musiqi ilə ilk tanışlığım təxminən dörd-beş yaşlarıma təsadüf edir. Həmin dövr Sovet İttifaqı zamanı idi və televiziyada tez-tez simfonik musiqilər səslənirdi. Mən də televizorun qarşısına keçib böyük maraqla qulaq asardım; hətta demək olar ki, izləyərdim. Öz-özümə orkestr dirijorluğu edirdim. Adətən uşaqlar o yaşda simfonik musiqiyə maraq göstərmirlər, amma məndə bu maraq çox erkən yaşlardan yaranmışdı.

Əslində məni bəstəkarlığa yönəldən konkret bir ilham mənbəyi olmayıb. Uşaqlıqdan içimdə musiqinin var olduğunu hiss edirdim. Təbii ki, o yaşlarda bəstə yaza biləcəyimin fərqində deyildim. Beş yaşımda mənə piano aldılar. Musiqi təhsilim yox idi, amma vaxtımın çoxunu pianonun arxasında keçirir, özüm üçün melodiyalar yaradırdım. O dövrdə etdiklərim əslində hələ bəstə sayılacaq işlər deyildi.

Yeddi yaşımda musiqi məktəbinə başladım. Orada çox dəyərli və peşəkar müəllimim vardı — Maya müəlliməm. Hələ notları tam öyrənməmişkən məndə bəstəkarlıq qabiliyyəti olduğunu hiss etdi. İlk bəstələdiyim musiqilər onun köməyi ilə notlaşdırıldı. Bu gün də uşaqlıq illərimdən qalan bəzi notlar xatirə kimi məndə saxlanılır. Bunlar, əlbəttə ki, kiçik ideyalar, qısa musiqi parçaları idi. Anamın ad günü üçün bəstələdiyim bir əsəri xüsusilə xatırlayıram. Bütün bunlar məni bəstəkarlığa yönəltdi.

Daha sonra musiqi kollecini, ardınca isə musiqi akademiyasını bitirdim. O gündən bu yana da bəstələr yazmağa davam edirəm.”

-Bəstəkarlıq sizin üçün peşədirmi, ifadə formasıdırmı, yoxsa bir zərurətdirmi?

– “Bəstə yazmaq mənim üçün ilk növbədə bir peşədir; eyni zamanda bir ehtiyacdır və daxilimdəki duyğuları ifadə etməyin əsas yoludur.”

-Bir əsər adətən necə başlayır: melodiyadan, duyğudan, yoxsa ideyadan?

-“Təbii ki, musiqi çox zaman melodiyadan başlayır. Amma bəzən oxuduğum bir şeir və ya məni emosional olaraq təsirləndirən bir hadisə bu prosesi hərəkətə gətirir. Yəni musiqi bu hisslərdən və yaşantılardan doğur. Bəzən də kimsə mənə bir fikir verir; əslində lazım olan hər şey artıq orada mövcud olur.”

-Səssizlik sizin üçün nə ifadə edir? Bəstə prosesində səssizliyin rolu nədir?

-“Mənim üçün səssizlik ilk növbədə Tanrı ilə tək qalmaq deməkdir; Tanrı ilə baş-başa qalmaq… İkinci olaraq isə hər şeydən uzaqlaşıb ətrafdakı səs-küydən ayrılaraq dincəlməkdir. Üçüncüsü isə səssizliyin özüdür — zehnimdə yaranan bütün düşüncələrə qapı açır.”

-Musiqinizdə sizi ən yaxşı ifadə edən üç söz nə olardı?

“Musiqi terminologiyasında ‘pauza’ anlayışı var — əsərin ifası zamanı şüurlu şəkildə verilən səssizliklər. Bu pauzalar musiqinin ifadə gücünü artırır və dinləyici üzərindəki təsiri dərinləşdirir. Ona görə də pauzalar və səssizlik musiqinin struktur və estetik baxımdan ayrılmaz elementləridir.”

-Səhnə, hekayə və ya obrazlar bəstələrinizə necə təsir edir?

“Əlbəttə ki, bu amillər səhnə, hekayə və obrazlara uyğun kompozisiyalar yaratmağımda müsbət rol oynayır. Gördüklərimlə daha uyğun musiqilər, ideyalar formalaşdırıram. Duyğular yaranır və musiqi bəstələnir.”

-Teatr və ya kino üçün musiqi yazmaq, müstəqil musiqi istehsalından nə ilə fərqlənir?

-“Teatr və kino üçün musiqi bəstələyərkən əvvəlcə ssenarini oxuyuram, sonra rejissorla ətraflı müzakirə aparıram. Bu tip işlərdə musiqi mütləq müəyyən çərçivə daxilində olmalıdır, yəni ssenariyə və hekayəyə xidmət etməlidir. Amma deməliyəm ki, kino musiqisini daha çox sevirəm. Uşaqlıqdan kinoya xüsusi marağım olub. Film izləyərkən həmişə musiqiyə, bəstəkarın dilinə diqqət etmişəm. Stil baxımından da kino məni hər zaman cəlb edib.

Bu günə qədər bir çox serial, film və tammetrajlı layihələr üçün musiqi yazmışam. Kino mənim üçün çox maraqlı və sevdiyim sahədir. Açığı, teatr üçün çox musiqi yazmaq fürsətim olmayıb. Yalnız bir tamaşa üçün sifariş almışdım, lakin o tamaşa səhnələşdirilmədi və iş yarımçıq qaldı.”

-Rejissorla işləyərkən musiqi sərhədləriniz dəyişirmi?

-“Bəli, müəyyən qədər dəyişir. Rejissorun da öz baxışı olur — ‘belə bir musiqi istəyirəm’ deyə fikrini bildirir. Bu, prosesi təsir edir. Amma ortaya çıxan musiqi yenə də mənim musiqim olur. Öz dilimlə, öz dünyagörüşümlə yazıram, sadəcə rejissorun fikirlərini də nəzərə alıram. Bu günə qədər rejissorlarla işləyərkən heç bir problem yaşamamışam. Əksinə, ilk təqdimatda musiqilər adətən bəyənilib.”

-Yaşadığımız dövr bəstələrinizə necə təsir edir?

-“İnşallah gələn il 60 yaşım tamam olacaq. Bu bir mərhələdir və indiyə qədər solo konsert verməmiş olsam da, 60 yaşım münasibətilə adımı daşıyan bir konsert keçirmək istəyirəm. Bunun maddi və təşkilati çətinlikləri var. Konsertin daha geniş auditoriyaya çatması üçün yeni əsərlər üzərində çalışıram. Dövrə uyğunlaşmağa çalışsam da, tam müasir musiqi üslubunda yazmıram. Mənim öz dəst-xəttim var. Melodiyalarım yenə də Natiq Qazanfar oğlunun musiqisi olaraq qalır.”

-Sizcə musiqinin ictimai məsuliyyəti varmı?

-“Şübhəsiz ki, musiqi ictimai bir sahədir. Digər sənət növlərində olduğu kimi, sənətçi də cəmiyyəti irəli aparan əsərlər yaratmalıdır. Təəssüf ki, bu gün gənclərə heç bir mənəvi və estetik dəyər qatmayan keyfiyyətsiz musiqilər geniş yayılıb. Halbuki musiqi böyük məsuliyyət tələb edən güclü ifadə vasitəsidir.”

-Dinləyicinin musiqinizlə tək qalmasınımı, yoxsa paylaşmasınımı istərdiniz?

-“Əlbəttə, musiqimlə tək qalmasını istərəm. Amma fikirlərini mənimlə paylaşması da çox dəyərlidir. Hətta bəyənməmələri belə mənim üçün öyrədicidir. Çünki bu, hansı məqamları gözdən qaçırdığımı görməyə kömək edir. Musiqi Tanrının bizə verdiyi bir hədiyyədir və bu hədiyyəni zamanla cilalamaq lazımdır.”

-Sonda bu müsahibəni oxuyacaq sənətsevərlərə demək istədiyiniz bir söz varmı?

-“Bu müsahibə üçün dəvət etdiyinizə görə təşəkkür edirəm. Oxuculara keyfiyyətli və dəyərli musiqilər dinləməyi tövsiyə edirəm. Həmçinin Türkiyədəki menecerim Elşad Həqverdiyevə də səmimi təşəkkürümü bildirirəm. Onun vasitəsilə tanış olduq. Allah sizi qorusun.”

Baş redaktor: Murat Karakaş

Azərbaycan.media saytının tərcümə şöbəsi