🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Türkiyə İranın zənginləşdirilmiş uranının ölkədən çıxarılmasını təklif edə bilər

Azərbaycan.media xəbər verir ki, Türkiyə İranın zənginləşdirilmiş uran ehtiyatını öz üzərinə götürməklə bağlı təşəbbüslə çıxış edə bilər.

Bu barədə İsrailin nüfuzlu “Haaretz” nəşri yazıb. Bildirilib ki, mümkün təklif İranın təxminən 440 kiloqram həcmində, 60 faizədək zənginləşdirilmiş uran ehtiyatını əhatə edə bilər.

Məlumata əsasən, təşəbbüs çərçivəsində sözügedən uranın İran ərazisindən çıxarılaraq Türkiyəyə təhvil verilməsi və bir daha Tehrana qaytarılmaması ilə bağlı beynəlxalq zəmanət mexanizmlərinin yaradılması nəzərdə tutulur.

Nəşr qeyd edir ki, bu addım İranın nüvə proqramı ətrafında yaranmış gərginliyin azaldılmasına və mümkün hərbi eskalasiyanın qarşısının alınmasına xidmət edə bilər. Belə bir təşəbbüsün həm Qərb ölkələri, həm də region dövlətləri üçün təhlükəsizlik baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanır.

Mənbənin yazdığına görə, Türkiyə bu prosesdə vasitəçi və ya texniki saxlanma tərəfi qismində çıxış edə bilər. Ankara hələlik məsələ ilə bağlı rəsmi mövqe açıqlamasa da, Türkiyənin regionda balanslaşdırıcı rol oynamaq niyyətində olduğu bildirilir.

Xatırladaq ki, İran hazırda nüvə proqramı ilə bağlı ciddi beynəlxalq təzyiqlərlə üzləşib. Uranın 60 faizə qədər zənginləşdirilməsi Tehranın nüvə silahı əldə etməyə yaxınlaşması kimi qiymətləndirilir. Mütəxəssislərin fikrincə, uranın ölkə xaricinə çıxarılması böhranın diplomatik yolla həlli istiqamətində mühüm addım sayıla bilər.