🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Madaqaskarda “Fytia” tropik qasırğası: 22 mindən çox zərərçəkən, ölənlər var

Azərbaycan.media xəbər verir ki, Madaqaskarda “Fytia” tropik qasırğasından cəmi bir neçə saat sonra ciddi fəsadlar qeydə alınıb.

Milli Risk və Fəlakətlərin İdarə Olunması Bürosu (BNGRC) ölkənin beş regionunda — Boeni, Analamanqa, Melaki, Sofiya və Vakinankaratrada ümumilikdə 22 mindən çox insanın zərər çəkdiyini açıqlayıb.

İlkin məlumatlara əsasən, paytaxt yaxınlığında bir evin uçması nəticəsində iki nəfər həyatını itirib. Sel sularının apardığı bir nəfər itkin düşmüş hesab olunur, beş nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Təxminən 8 500 nəfər müvəqqəti sığınacaqlara və ya yaxınlarının evlərinə köçürülüb.

Təbii fəlakət nəticəsində maddi ziyan da böyükdür. Belə ki, 4 646 ev su altında qalıb, 104 ev zədələnib, 813 ev isə tamamilə dağılıb. Təhsil infrastrukturu da qasırğadan ciddi zərər görüb.

Qeyd edək ki, “Fytia” tropik qasırğası Madaqaskara şimal-qərb istiqamətindən daxil olub. Güclü küləklər və intensiv yağışlarla müşayiət olunan qasırğa ölkənin mərkəzi hissəsindən keçdikdən sonra zəifləyərək şərq sahillərindən dənizə çıxıb. Dənizə çıxdıqdan sonra isə yenidən güclənərək qonşu adalar üçün potensial təhlükə yaradıb.