Azərbaycan.media xəbər verir ki, Azərbaycan tarixinin müasir mərhələsi gənclərə göstərilən diqqət və qayğının dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildiyi dövr kimi xarakterizə olunur. 2 Fevral – Azərbaycan Gəncləri Günü təkcə təqvim bayramı deyil, bu tarix müstəqil dövlətimizin gələcəyinə inamın, gənc nəslə göstərilən etimadın rəmzidir.
Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu düşünülmüş və uzaqgörən gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən müasir çağırışlara uyğun şəkildə uğurla davam etdirilir. Bu strateji xətt Azərbaycan gəncliyini regional və qlobal miqyasda rəqabətədavamlı gücə çevirir.
Heydər Əliyev üçün gənclər sadəcə yaş kateqoriyası deyil, Azərbaycanın genofondu, dövlət müstəqilliyinin qoruyucuları və gələcəyin qurucuları idi. Onun “Bizim xalqımızın gələcəyi gənclərdir” fikri bütöv bir siyasi konsepsiyanın mahiyyətini ifadə edirdi. Məhz bu baxışın nəticəsi olaraq 1996-cı ildə Azərbaycan Gənclərinin I Forumu keçirildi, 1997-ci ildə isə 2 Fevral Azərbaycan Gəncləri Günü elan olundu. Bununla Azərbaycan MDB məkanında gənclərə ayrıca bayram həsr edən ilk ölkə kimi tarixə düşdü.
Ulu Öndərin gənclər siyasəti sistemli və çoxşaxəli xarakter daşıyırdı. Gənclərin təhsili, sağlamlığı, vətənpərvərliyi, intellektual və fiziki inkişafı dövlət siyasətinin əsas prioritetləri sırasında idi. Gənclər və İdman Nazirliyinin yaradılması, “Dövlət gənclər siyasəti haqqında” qanun və fərmanlar, “Qızıl kitab” təsisatı, gənclərin xaricdə təhsilinin dəstəklənməsi bu siyasətin real nəticələri kimi dəyərləndirilir.
Bu strateji xətt Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da genişləndirilib və müasir dövrün tələblərinə uyğunlaşdırılıb. Dövlət başçısının gənclərlə bağlı siyasətində əsas məqsəd təşəbbüskar, savadlı, milli dəyərlərə bağlı və qlobal düşüncəli gəncliyin formalaşdırılmasıdır. “Gənclər ili”, Gənclər Fondu, Gənclərin İnkişaf və Karyera Mərkəzi, “Yüksəliş” müsabiqəsi, Prezident mükafatları kimi layihələr gənclərin potensialının üzə çıxarılmasına xidmət edir.
Azərbaycan gəncliyi öz gücünü yalnız elm, mədəniyyət və idmanda deyil, həm də Vətən müharibəsində nümayiş etdirib. Müstəqillik dövründə yetişmiş, vətənpərvərlik ruhunda tərbiyə almış gənclər torpaqlarımızın azadlığı uğrunda misilsiz qəhrəmanlıq göstəriblər. Eyni zamanda informasiya müharibəsində də gənclər Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasında fəal rol oynayıblar.
Bu gün Azərbaycan gəncliyi azad, sabit və özünə güvənən ölkədə yaşayır. Geniş təhsil imkanları, innovativ mühit və beynəlxalq platformalara çıxış gənclərin inkişafı üçün əlverişli şərait yaradır. Dövlətin yaratdığı bu imkanlardan səmərəli istifadə etmək, bilik və bacarıqları ölkənin inkişafına yönəltmək hər bir gəncin həm hüququ, həm də məsuliyyətidir.
2 Fevral – Azərbaycan Gəncləri Günü güclü dövlət, şüurlu gənclik və möhkəm gələcək ideyasının təntənəsidir. Bu gün bir daha təsdiqləyir ki, Azərbaycan gəncliyi dünənin mirasına sahib çıxan, bu günü inkişaf etdirən və sabahı inamla quran əsas qüvvədir.
Elnarə Akimova
Milli Məclisin deputatı,
YAP Siyasi Şurasının üzvü,
filologiya elmləri doktoru
