🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

SÖZÜN YADDAŞI

 

Söz insanın varlıq tarixinin ən dərin qatlarından süzülüb gələn ilahi bir yad kimi həm zamanın, həm də şüurun yaddaşına hopmuş müqəddəs bir fenomendir və o, təkcə ünsiyyət vasitəsi deyil, bütöv bir mədəniyyətin, xalqın, fərdin, hətta bəşəriyyətin toplu hafizəsidir. İnsan ilk dəfə səsi mənaya çevirəndən bəri söz yaşamağın, anlamağın, xatırlamağın və unutmağa müqavimət göstərməyin əsas dayağına çevrilmişdir, çünki insanı digər canlılardan fərqləndirən əsas cəhət yalnız düşünmək qabiliyyəti deyil, düşündüyünü sözlə yaddaşa köçürmək bacarığıdır və məhz bu nöqtədə söz zamanın içində donmayan, əksinə, hər dövrdə yenidən dirilən canlı bir yaddaş funksiyası daşıyır. Söz yaddaşdır deyəndə biz yalnız yazılı mətnləri, dastanları, kitabları nəzərdə tutmuruq, eyni zamanda anaların laylalarını, nənələrin dualarını, ataların nəsihətlərini, xalqın ağızdan-ağıza ötürdüyü atalar sözlərini, bayatıları, mifləri, ağıları, sevinci də nəzərdə tuturuq, çünki bu şifahi və yazılı söz qatları bir millətin kollektiv şüurunun saxlandığı gizli sandıqlardır. Tarix bəzən kağız üzərində saxtalaşdırıla, daş kitabələr qırıla, arxivlər yandırıla bilər, lakin söz xalqın dilində yaşadıqca yaddaş silinmir, çünki söz təkcə məlumat ötürmür, həm də duyğu, ağrı, sevinc, üsyan və ümid daşıyır və bu da onu canlı edir. Bir xalqın başına gələn faciələr, qürur doğuran qələbələr, itkilər və dirənişlər ən etibarlı şəkildə sözün yaddaşında qorunur. Məsələn, bir ağıda bir müharibənin dəhşəti, bir bayatıda bir köçün acısı, bir dastanda bir dövrün əxlaqı və dünyagörüşü yaşayır və bu sözlər gələcək nəsillərə təkcə faktları deyil, həmin faktların ruhunu ötürür. Sözün yaddaşı fərdi səviyyədə də eyni dərəcədə güclüdür, çünki insan öz kimliyini xatirələrdən qurur, xatirələr isə çox vaxt sözlə möhkəmlənir. Deyilməmiş dərd tez unudulur, deyilib sözə çevrilmiş dərd isə insanın daxilində mənalanaraq yaddaşa yazılır və zamanla ya yaraya, ya da müdrikliyə çevrilir. Bu baxımdan ədəbiyyat söz yaddaşının ən kamil formasıdır, çünki ədəbiyyat insan təcrübəsini estetik yaddaşa çevirir və bir şairin bir misrasında, bir yazıçının bir cümləsində bütöv bir dövrün psixologiyası, sosial vəziyyəti, mənəvi axtarışları cəmlənə bilir. Klassiklərimizin əsərlərinə baxdıqda biz təkcə bədii zövq almırıq, həm də onların yaşadığı dövrün ağrısını, sevincini, Tanrı ilə, insanla, tale ilə münasibətini oxuyuruq və bu da sübut edir ki, söz zamanın üstündə dayanan bir yaddaş mexanizmidir. Müasir dövrdə texnologiyanın sürəti, informasiyanın bolluğu sözün dəyərini azaldırmış kimi görünsə də əslində bu, sözün yaddaş funksiyasını daha da önə çıxarır, çünki sürətlə unudulan görüntülər, ötəri məlumatlar arasında məhz mənalı söz qalıcı olur. Bir sosial media paylaşımı bir neçə saatlıq təsir yarada bilər, amma bir cümlə, bir fikir insanın həyat istiqamətini dəyişəcək qədər güclü ola bilər. Söz həm də mənəvi məsuliyyətdir, çünki yaddaşa yazılan hər söz ya şəfa, ya da yara olur və bu səbəbdən sözün yaddaşı etik bir məsələ kimi də dəyərləndirilməlidir. Yalan söz yaddaşı çirkləndirir, həqiqət sözü isə onu təmizləyir və bu mübarizə insanlıq tarixi boyunca davam edir. Xalqın yaddaşında yaşamaq üçün sözün səmimi, köklü və həqiqətə bağlı olması vacibdir, əks halda o, zamanın sınağından keçə bilmir və unudulur, çünki yaddaş yalnız ruhu olan sözü saxlayır.
Nəticə olaraq demək olar ki, söz sadəcə səslərdən və hərflərdən ibarət bir vasitə deyil, o, insanın, xalqın və bəşəriyyətin keçmişini gələcəyə daşıyan ən etibarlı körpüdür. Sözün yaddaşı bizi kim olduğumuzu xatırlamağa, haradan gəldiyimizi anlamağa və hara getdiyimizi düşünməyə məcbur edir və bu yaddaş qorunduqca insan da, millət də mənəvi olaraq var olmağa davam edir. Çünki yaddaşını itirən sözsüz qalır, sözü olmayan isə tarixsiz və kimliksiz qalır.

 

✍ Sevil Azadqızı Azərbaycan dili və ədəbiyyatı müəllimi. Filoloq. Ədəbi təhlil-tənqidçi. Yazar-publisist.
01.02.2026

Mənbə: Azərbaycan.media