Azərbaycan.media xəbər verir ki, “Stop narkotik” layihəsinin növbəti buraxılışının qonağı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Çağırışaqədərki Hazırlıq İdarəsinin rəisi, polkovnik-leytenant Füzuli İsmayılov olub.
Müsahibə zamanı Füzuli İsmayılov çağırışçı gənclər arasında narkotik asılılığı problemi, bu cür hallarda möhlət hüququnun tətbiq edilib-edilməməsi, eləcə də yeniyetmə və gənclərin vətənpərvərlik ruhu ilə bağlı fikirlərini bölüşüb. O bildirib ki, hətta bir nəfər gəncin belə zərərli vərdişlərə yoluxması ciddi narahatlıq doğurur.
Polkovnik-leytenant Azərbaycan gənclərinin hərbi xidmətə münasibətinə toxunaraq qeyd edib ki, bu gün gənclər arasında hərbi peşəyə maraq yüksəkdir və orduda xidmət qorxu deyil, şərəf mənbəyi kimi qəbul olunur. O, Vətən müharibəsi dövründə cənab Prezidentin çağırışına cavab olaraq qısa müddətdə on minlərlə vətəndaşın könüllü şəkildə müharibəyə getmək üçün qeydiyyatdan keçməsini bunun bariz nümunəsi kimi göstərib.
Verilişdə, həmçinin Vətən müharibəsində ağır yaralanan qəhrəman polkovnik Anar Mirzəyevin sağlamlığı ilə bağlı maraqlı faktlar da xatırladılıb və sağlam həyat tərzinin əhəmiyyəti vurğulanıb.
Müsahibənin tam versiyasını Stopnarkotik.az platformasında izləmək mümkündür.
