Azərbaycan.media xəbər verir ki, ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Binyamin Netanyahuya Suriya ilə təhlükəsizlik razılaşmasının əldə olunması üçün bir ay vaxt verib. Bu barədə “Middle East Eye” nəşri məlumat yayıb.
Məlumata görə, ABŞ administrasiyası İsrail və Suriyanı mart ayına qədər təhlükəsizlik sazişi imzalamağa təşviq edir. Lakin prosesin əsas maneəsi İsrailin Hermon dağını “qırmızı xətt” kimi müəyyən etməsi hesab olunur. Bildirilir ki, tərəflər bu məsələ üzrə hələlik heç bir güzəştə getməyib. Bununla belə, əgər bu problem aradan qalxarsa, razılaşmanın qısa müddətdə elan olunacağı ehtimal edilir.
Mənbələrin məlumatına görə, məsələ Donald Tramp ilə Suriya lideri Əhməd Əl Şaraa arasında baş tutan telefon danışığında da müzakirə edilib. Trampın Şaraaya Netanyahuya Dəməşqlə təhlükəsizlik razılaşmasını yekunlaşdırmaq üçün bir aylıq müddət verdiyini və ABŞ-ın vahid və sabit Suriya modelini dəstəklədiyini bildirdiyi qeyd olunur.
Suriyalı rəsmi mənbə danışıqlarda müəyyən irəliləyiş əldə edildiyini və yaxın vaxtlarda nəticə gözlənildiyini bildirib. Lakin Qərb diplomatik mənbələri İsrailin Hermon dağı ilə bağlı mövqeyinin yaxın bir ay ərzində dəyişməyəcəyini istisna etmirlər.
Qeyd edək ki, son aylarda ABŞ-ın vasitəçiliyi ilə İsrail və Suriya arasında yeni təhlükəsizlik razılaşması üzrə danışıqlar aparılır. İlkin mərhələdə müsbət siqnallar verilsə də, proses İsrail tərəfinin cənubi Suriyada hərbi mövcudluğunu saxlamaq və bölgənin silahsızlaşdırılması məsələsində israrı səbəbindən nəticəsiz qalıb.
Mövcud vəziyyət regionda təhlükəsizlik balansının yenidən formalaşdığını və ABŞ-ın Yaxın Şərq siyasətində daha aktiv təzyiq diplomatiyası mərhələsinə keçdiyini göstərir.
