Azərbaycan.media xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayevin aylıq 19 min 500 manat maaş alması ilə bağlı yayılan məlumatlar cəmiyyətdə ciddi narazılıq doğurub. Sosial problemlərin aktuallığını qoruduğu bir dövrdə dövlət qurumu rəhbərinin bu qədər yüksək əməkhaqqı alması sosial şəbəkələrdə geniş müzakirələrə və etirazlara səbəb olub.
Araşdırmalara əsasən, AYNA-da rəhbərliklə sıravi əməkdaşlar arasında maaş fərqi 20 dəfədən çoxdur. Məlumata görə:
Sədr müavinlərinin maaşı: 10–15 min manat,
Şöbə rəhbərlərinin maaşı: 7–10 min manat,
Küçələrdə, parkinqlərdə xidmət göstərən sıravi əməkdaşların maaşı isə cəmi 500–600 manat təşkil edir.
Paytaxtın müxtəlif ərazilərində parkinqlərdə saatlarla açıq havada xidmət göstərən işçilərin ağır əmək şəraitində çalışdığı bildirilir. Adının açıqlanmasını istəməyən AYNA əməkdaşının sözlərinə görə, son həftələrdə kəskin hava şəraiti səbəbindən onlarla işçi soyuqdəyməyə yoluxub.
Eyni zamanda, qarlı və şaxtalı havalarda xidmət keçən əməkdaşlar üçün müvəqqəti gözətçi məntəqələrinin qurulması təşəbbüslərinin dəstəklənmədiyi qeyd olunur. Bu isə sosial təminat və əmək şəraiti məsələlərini daha da aktuallaşdırır.
Məsələ ilə bağlı AYNA-nın mətbuat katibi Tural Orucovun suallara cavab verməkdən yayındığı bildirilir. Məlumata görə, bu mövqe həm Konstitusiyanın informasiya əldə etmək hüququ, həm də “Media haqqında” və “İnformasiya əldə etmək haqqında” qanunvericiliyin tələbləri ilə ziddiyyət təşkil edir.
Mövzu ictimai müzakirə predmetinə çevrilib və cəmiyyətdə dövlət qurumlarında sosial ədalət, əməkhaqqı balansı və şəffaflıq məsələlərini yenidən gündəmə gətirib.
