Azərbaycan.media xəbər verir ki, martın 5-də Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda “Dövlətin kibersuverenliyinin təmin olunmasının elmi-praktiki problemləri” mövzusunda respublika konfransının keçirilməsi nəzərdə tutulur.
Tədbirin təşkilatçıları ETN İnformasiya Texnologiyaları İnstitutu, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası, Azərbaycan Texniki Universiteti və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasıdır.
Konfransda dövlətin kibersuverenliyinin təmin olunmasının elmi-nəzəri və praktiki problemləri, bu sahədə mövcud yanaşmalar, trendlər, həlli yolları və aparılan tədqiqatların nəticələri müzakirə ediləcək. Eyni zamanda qlobal çağırışlara uyğun kibersuveren dövlət modelinin formalaşdırılması, rəqəmsal dövlət sisteminin təhlükəsiz, etibarlı və dayanıqlı fəaliyyətinin təmin olunması, rəqəmsal ekosistemin inkişafı, bulud əsaslı rəqəmsal dövlətin şəbəkə infrastrukturunun qurulması, vətəndaşların rəqəmsal dövlət xidmətlərindən məmnunluq səviyyəsinin qiymətləndirilməsi, eləcə də dövlət əhəmiyyətli kritik sistemlərdə kibertəhlükəsizliyin təmin olunması kimi çoxaspektli mövzular üzrə məruzələr təqdim ediləcək.
AMEA-nın vitse-prezidenti, Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev AZƏRTAC-a açıqlamasında konfransın əhəmiyyətindən danışaraq bildirib ki, qlobal proseslər, rəqəmsal transformasiya, IV Sənaye İnqilabı və xüsusilə süni intellektin sürətli inkişafı fonunda Azərbaycanda yeni reallıqlar formalaşır.
Akademik qeyd edib ki, Prezident İlham Əliyevin süni intellekt və rəqəmsal transformasiya sahəsində həyata keçirdiyi ardıcıl siyasət, “Rəqəmsal İnkişaf Konsepsiyası”, “2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası” və digər strateji sənədlər dövlət qurumları, elmi müəssisələr, biznes və vətəndaş cəmiyyəti institutları qarşısında konkret vəzifələr müəyyənləşdirib.
Onun sözlərinə görə, dövlət idarəçiliyində baş verən dəyişikliklər fonunda rəqəmsallaşma prosesləri yeni çağırışlar, risklər və təhdidlər formalaşdırır. Bu baxımdan həm real, həm də virtual mühitdə Azərbaycanın kibertəhlükəsizliyinin, data suverenliyinin təmin olunması, ölkənin kiberimmunitetinin gücləndirilməsi milli maraqların qorunması və texnoloji suverenliyin möhkəmləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.
Rasim Əliquliyev vurğulayıb ki, kibersuverenlik sahəsində aparılan tədqiqatların nəticələrinin, multidisiplinar elmi-praktiki problemlərin ümummilli səviyyədə müzakirəsi, bu məsələlərə ictimaiyyətin və dövlət qurumlarının diqqətinin cəlb olunması son dərəcə vacibdir.
