🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Müqəddəs ocağın varisi…- Fuad Biləsuvarlı yazır

Hacı Miralim Ağa – 70

Biləsuvarın Əsgərabad kəndindəki Hacı Mirsultan Ağa Ziyarətgahı bütün respublikamızda məşhurdur. Hər gün bu ziyarətgaha yüzlərlə insan üz tutur, nicat tapır, rahatlaşıb gedir.

Hacı Mirsultan Ağa sözün həqiqi mənasında əsl seyid-peyğəmbər övladı idi. Saf niyyəti, xeyirxah əməlləri onu hamıya qəlbən sevdirmişdi. Ağa köməksizlərin, imkansızların ümid yeri, pənahı idi. Bu qapıya üz tutan naümid qayıtmırdı, istəyinə çatırdı.

Ağa ilə kəlmə kəsmək, onun şirin söhbətlərini hiss etmək, hər bir ziyarətgahçı üçün könül xoşluğu idi.
Tanrı bu gözəl, müqəddəs şəxsiyyətə 12 övlad bəxş etmişdi. 7 oğul, 5 qız. Övladların hamısı müqəddəs Həcc ziyarətində olublar, şərəfli Hacı adını daşıyırlar.

Mən bu müqəddəs ocağın varisi Hacı Miralim Ağadan söhbət açmaq istəyirəm.
Ot kökü üstündə bitər, deyirlər. Hacı Miralim Ağa da ağılı kəsən gündən bu müqəddəs ocağın nüfuzunu, qədir – qiymətini qoruyur. Bu ocağın varisi kimi nəcib bir vəzifəni özünəməxsus ləyaqətlə yerinə yetirir.

Hacı Mirsultan Ağanın övladlarına nəsihəti vardı: “Dostunuz nə qədər çox olsa, o qədər yaxşıdır. Qapıya pənah gətirənləri ümidsiz qaytarmayın…”
Uzun illərdir ki, övladları Ağanın bu vəsiyyətini bir an da olsun, unutmur, ona əməl edirlər.

Hacı Miralim Mirsultanov təkcə hazırda yaşadığı Əsgərabad kəndində, Biləsuvar rayonunda deyil, regionda, eyni zamanda respublikamızda yaxşı tanınır. Müqəddəs Hacı Mirsultan Ağa ocağının varisi kimi hər yerdə böyük hörməti var. Bunun bir səbəbi də Hacının son dərəcə xeyirxah insan olması, müraciət edənlərə kömək əlini uzatması, köməkliyini əsirgəməməsidir.
Hacı Miralim Ağa lap gənclik illərindən ağsaqqal kimi tanınır, bu missiyanı şərəflə yerinə yetirir.

 

Bir müddət kəndlərindəki təsərrüfata rəhbərlik edib. Rayonda müxtəlif vəzifələrdə çalışıb.
Hazırda isə o, bələdiyyə qurumları yaradılandan yaşadığı Əsgərabad və Aşağı Cürəli kənd bələdiyyəsinin sədridir.

Həmkəndliləri ona inanır, hər seçkidə böyük etimad göstərirlər. Hacı Miralim Ağa isə bu etimadı doğrultmaq üçün əlindən gələni edir.
Əsgərabad kəndi Biləsuvar rayonunun abad, yaraşıqlı kəndlərindən biridir. Əhali burada onlara yaradılan şəraitdən çox razıdırlar. Rahat yollardan istifadə edirlər, işıq, qaz, su daimidir. Digər xidmətlər də öz yerində.
Bu işdə bir kənd ağsaqqalı və bələdiyyə sədri kimi Hacı Miralim Ağanın da əməyi çoxdur.

Kəndin heç bir problemi onun nəzərlərindən yayına bilməz, mütləq öz həllini tapmalıdır.
Hacı Miralim Ağanın təşəbbüsü və rəhbərliyi ilə kənddə tez-tez  iməcliklər keçirilir, abadlıq və təmizlik işləri aparılır.

Hər il iyun ayının 4 – də respublikamızın demək olar ki, bütün bölgələrindən Hacı Miralim Ağanın varisi olduğu ziyarətgaha dəstə-dəstə insanlar gəlir, bu müqəddəs ocağa öz ehtiramlarını göstərirlər.

 

Çünki məhz həmin gün Hacı Mirsultan Ağanın müqəddəs Həcc ziyarəti zamanı Minada Şeyx Əbu Talıb qəbristanlığında torpağa tapşırıldığı gündür.
Hər il böyük zəhmət və təşkilatçılıq tələb edən bu işin öhdəsindən bu ocağın varisi kimi Hacı Miralim Ağa lazımınca gəlir, uzaq-yaxın yol gəlmiş insanlar ziyarətgahdan minbir sevinclə geri dönürlər.
Hacı Miralim Ağa kənddə hamının ümid yeridir. Onun yanına çox xahişə gəlirlər. Həm də insanlara qayğı göstərən, xeyirxahlığı ilə seçilən bir şəxsiyyətdir. O, nə qədər çətin rejimlə çalışsa da, xeyirxah işlərini heç vaxt dayandırmır. Qazancını tək yemir, çörəyini bölüşür, suyunu paylaşır—Allahın verdiyi ruzunu dədə malı kimi hamıya paylayır.

Onun qapısı ehtiyac içində olan hər kəsə açıqdır.  Kim yanına ehtiyacla gəlirsə, dərhal ona kömək edir. Şəhid ailələrinə, qocalar evinə, uşaqlar evinə ərzaq və azuqələr göndərir, onların qayğısına qalır.

Bu xeyirxahlıq yalnız maddi yardımla bitmir— Hacı Miralim Ağa insanlara ruhən dəstək olur, onların dərdinə şərik çıxır. Onun bu xeyirxah əməlləri   yalnız  Hacı Mirsultan Ağanın şəfalı ziyarətgahının divarları arasında deyil, bütün cəmiyyətə yayılır. Elə ona görə də Allah onun və ideal ailəsinin ruzusunu bol edir—çünki o, halal yaşayan, ürəyi Allahla vuran bir insandır.

Hacı Miralim Ağaya təkcə öz kəndçiləri yox, digər kəndlərdən, hətta bölgələrdən: şəxsi işləri, ailə münasibətləri, qarşılaşdıqları problemlər barədə tez-tez müraciət edirlər.
Hamının bildiyi bir həqiqət var: yaxşı bilirlər ki, Ağaya üz tutdularsa, deməli məsələ müsbət həll olacaq.
Hacı Miralim Ağa ömrünün əsl kamillik dövrünü yaşayır.
Onun xeyirxah əməllərinin sayı isə günbəgün artır. Hacı özü isə belə nəcib əməllərdən dərin bir rahatlıq tapır. Hacı mehriban ailə başçısıdır. Övladlarını müqəddəs ata ocağının ruhuna uyğun böyüdüb.
İnsanı yaşadan, onu hamının sevimlisinə çevirən yalnız xeyirxah əməlləridir. Müqəddəs bir ocağın varisi kimi Hacı Miralim Ağaya möhkəm cansağlığı, uzun ömür arzulayırıq.
Yüz yaşayın, Hacı Miralim Ağa, siz buna layiqsiniz!..

 

 

 

 

Müəllif: Fuad Biləsuvarlı
AYB və AJB üzvü, Prezident və
Həsən bəy Zərdabi mükafatçısı

Mənbə: Azərbaycan.media