Bakıda yeni metro xətləri ilə bağlı konsepsiya açıqlandı – Zabrat və ətraf ərazilər üçün qərar sonrakı mərhələlərə saxlanılır
Azərbaycan.media xəbər verir ki, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramının icrasına həsr olunan dəyirmi masa zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov paytaxtın metro inkişafı ilə bağlı mövcud konsepsiyanı açıqlayıb.
Nazir müavini bildirib ki, hazırkı mərhələdə Xırdalan və Masazır istiqamətlərində yeni metro xətlərinin yaradılması mümkün hesab edilsə də, Zabrat ərazisində yeni metro stansiyalarının inşası və metro xəttinin həmin istiqamətə qədər uzadılması səmərəli sayılmır və mövcud konsepsiyada bu nəzərdə tutulmur.
Onun sözlərinə görə, yeni stansiyaların yerləşməsi müəyyən edilərkən əsas meyar hər bir stansiyanın verəcəyi real effekt və töhfədir:“Paytaxtın mərkəzindən nisbətən uzaqda yerləşən Yeni Günəşli, Zabrat, Masazır, Saray və digər yaşayış massivlərinə metro xətlərinin çəkilməsi növbəti mərhələlərdə nəzərdən keçiriləcək. Yanaşmanın əsas məqsədi şəhər mərkəzinin nəqliyyat yükünü azaltmaqdır.”
Rəhman Hümmətov qeyd edib ki, hazırda paytaxtda əsas nəqliyyat yükünü “28 May” və “Sahil” stansiyaları daşıyır və sərnişin axınının böyük hissəsi bu iki mərkəzi nöqtədə cəmləşir. Bu səbəbdən prioritet istiqamət kimi keçid (transfer) stansiyalarının inşası müəyyənləşdirilib:“Şəbəkənin şaxələndirilməsi üçün əsas məqsəd mərkəzə alternativ keçid imkanları yaratmaqdır. Hazırda “28 May” stansiyasına keçid stansiyası olaraq “Cəfər Cabbarlı” mövcuddur. 2030-cu ilədək isə “Nizami”, “Sahil” və “Xətai” stansiyaları üçün də keçid stansiyalarının inşası planlaşdırılır. Bu, mərkəzi stansiyaların yükünü əhəmiyyətli dərəcədə azaldacaq.”
Nazir müavini vurğulayıb ki, məhz bu mərhələlər tamamlandıqdan sonra şəhər ətrafı ərazilərə – o cümlədən Yeni Günəşli, Zabrat, Masazır, Saray və digər yaşayış massivlərinə metro xətlərinin çəkilməsi məsələsi gündəmə gətiriləcək.
