🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Ədəbiyyatın uzun, incə yollarında

Fuad Biləsuvarlı yazır

Bu yazımı millət vəkili Elnarə Akimovanın, alim və “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turanın dərc etdirdiyi “Uzun incə bir yolda” adlı qiymətli kitabına həsr edirəm.

Azərbaycan ədəbi mühitində Azər Turan imzası ədəbiyyatsevərlərə çox yaxşı tanışdır. Azər bəyin ədəbi fəaliyyəti həmişə diqqət mərkəzində olmaqla, oxucu rezonansı doğurub və sonsuz maraqla qarşılanıb. Çünki bu əsərlər çox ciddi və məhsuldar axtarışların, yuxusuz gecələrin məhsuludur.
Onun yaradıcılığına bələd olanlar bu həqiqəti bir daha təsdiq edirlər ki, Azər Turan inandığı mətndən yazır. Onun tədqiq etdiyi, araşdırdığı mövzu və şəxsiyyətlər fikir həyatımızda önəmli rolu olan bəlli missiya daşıyıcılarıdır.
Azər Turan o ədəbi faktları qələmə alır ki, “onların universal məzmunlu dəyərlərlə birləşmək potensialı güclüdür, dünya-fəlsəfi estetik düşüncəsindəki məqamlarla sintez oluna bilir, inteqrasiya prosesinə asanlıqla daxil olurlar…”
Mən bu qeydləri filologiya elmləri doktoru Elnarə Akimovanın “Uzun,  incə bir yolda” kitabının təsiri altında yazıram. Elnarə xanımın bu kitabı Azərbaycanın  görkəmli fikir adamı, milli düşüncənin, türkçülük ruhunun qorunmasında, məfkurə istiqamətinin müəyyənləşməsində əvəzsiz xidmətləri olan Əlibəy Hüseynzadə və Hüseyn Cavid tədqiqatçısı kimi tanınan Azər Turanın ömür yoluna və yaradıcılığının vacib məqamlarına həsr olunub.

 

Bəri başdan deyim ki, çox hörmətli alimimiz belə bir dəyərli toplunu oxuculara təqdim olunması üçün əsl fədakarlıq göstərərək çox böyük zəhmət və əmək sərf edib. Nəticə isə göz önündədir.
“Uzun, incə bir yolda” diqqətli oxuculara çox dəyərli töhfədir və bu töhfəyə görə müəllifə dərin təşəkkürlər düşür.
Hörmətli müəllif toplunun son yazısında çox haqlı olaraq qeyd edir ki, “…bu kitabı mənə bir də çağdaş ədəbi mühit yazdırdı… Qarşımda dopdolu bir ömür vardı. Azər Turan ömrü.
Danışdıqca kimliyini, xatirələrini çözələdikcə keçmişini, kitablarını oxuduqca kimliyini, müşahidə etdikcə şəxsiyyətini gördüm. Ədəbiyyatın onun üçün nə qədər qutsal bir mənəvi ərazi olduğunu hiss etdim, həyatından keçən insanların hər birini yaddaşının ən təmiz qatında hifz edib əbədiyyət məkanına gömdüyünə əmin oldum. Onların hər biri “Azər Turanda yaşayır”.
Topluda Azər Turanın yaradıcılığının müəyyən dövrünü əhatə edən esselər, xatirələr, ayrı-ayrı illərdə nəşr olunmuş kitablarla bağlı Elnarə Akimovanın beyin süzgəcindən keçirərək yazdığı fikirlər sonsuz maraqla oxunur. Hətta müəllifin bəzi əsərlər barədə elə fikir və rəyləri var ki, onları həyəcansız belə oxumaq olmur, insan bu fikirlərə dönə-dönə qayıdır, hər dəfə yeni məna tapır və məmnunluq duyur.
Oxucu sözün həqiqi mənasında ədəbi sözə intelektual zəkası ilə yüksək qiymət verməyi ustalıqla bacaran söz adamı Azər Turanı yenidən kəşf edir. Hər halda bu, müəllifin çox böyük uğurudur. Oxucu bu sanballı  fikirlərin təsirindən uzun müddət ayrıla bilmir.
Əlbəttə, bu məqamda müəllifdən sitatsız ötüşmək olmur:

“Ədəbiyyat yalnız söz sənəti deyil, həm də millətin yaddaşıdır.”
“Cavid bizim milli düşüncəmizin göylərə açılan pəncərəsidir. Onu anlamaq – özümüzü anlamaqdır.”
“Müstəqilliyimizin yetirdiyi parlaq ədəbi simalardan biri olmaq – həm məsuliyyət, həm də taledir.”

Bu fikirlər Azər Turanın milli-mənəvi dəyərlərə söykənən ədəbi-estetik dünyagörüşündən, ədəbiyyata xalqın yaddaşı və milli kimliyin ifadəsi kimi yanaşmasından xəbər verir.

Azər Turanın ilk – 1995 – ci ildə nəşr olunmuş “Behişt zəvvarı” möminlik həzzinin, Tanrısal duyğu və duaların, Allahla bir olmağın sehri barədə kitabdır. “Behişt zəvvarı” bu dünyadan o dünyaya edilən ədəbi köçə ruhsal məna, metafizik anlam qazandıran kitabdır.
Topluda həmin kitab barədə tanınmış söz ustadlarının fikirləri də dəyərli və Azər Turan yaradıcılığına verilən çox yüksək qiymətdir.
Zəlimxan Yaqubun vaxtı ilə bu kitab barədə yazıb, “Günay” qəzetində çap etdirdiyi fikirləri sakitcə oxumaq olmur: “Bu günlərdə Azərin “Behişt zəvvarı” adlı bir kitabını oxudum. Oxudum sözü bu kitabdan aldığım zövqü, dadı, ləzzəti, şirinliyi, keçirdiyim hissləri, yaşadığım duyğuları tam ifadə etmək gücünə malik deyil. Bu kitabı zəmzəm suyu kimi başıma çəkdim, dirilik suyu kimi ürəyimə çilədim, şərbət kimi ruhuma səpələdim. Duruldum, təzələndim, saflaşdım. Heç ola bilərmi,  suya baxsan, su kimi durulmayasan? … ”
Doğrudan da, yaxşı ədəbiyyat insanı olduğu yerdə saxlamır, onu mənəvi cəhətdən bir pillə yuxarı qaldırır.
Kitabın müəllifi Elnarə Akimovanın “Behişt zəvvarı” nın yazarı Azər Turanla müsahibəsi də çox dəyərlərdən xəbər edir.
Elnarə Akimova haqlı olaraq qeyd edir ki,  “… O qədər gözəl bir üslubda yazmısan ki, kitabı sanki oxucu da sənin gözlərinlə o müqəddəs yerlərə ziyarət edir…”
Budur sözün qüdrəti, hikməti. Azər Turan qələminin ecazkar gücü. Hər toplu, hər yazı haqqında belə, ürəkdən gələn coşqu və sevgi ilə dəyərli fikirlər söyləmək olmur. Bu yazımda mənə maraqlı gələn bir məqamı da qeyd etmək yerinə düşər. Elnarə Akimova yazır: “…  O zaman hələ internet həyatımıza daxil olmamışdı. Azər Turan hansı məxəzlərin hesabına İslam tarixi ilə bağlı belə vüsətli bilgilər sərgiləyirdi, bu çox maraqlıydı…”
Bir daha təsdiq edirsən ki, bu dərin zəkanın, misilsiz fədakarlığın, oxucu kütləsi qarşısında dərin məsuliyyətin ali gücüdür.
Eşq olsun…
Kitabın qəhrəmanı Azər Turanın gənclik illərində hərbi xidmətdə olarkən böyük söz ustaları Bəxtiyar Vahabzadə və Xəlil Rza Ulutürklə məktublaşmalarından bəhs edən yazını isə oxudum desəm azdır, lap nakam şairimiz Müşfiqsayaqlı “ruhuma çilədim.” Bu məktubların indi hər biri canlı tarixdir, ensiklopediyadır, yaddaş salnaməsidir…”
Əynində hərbi forma, yəqin ki, əsgər kazarmasının bir guşəsində “sinəsində ürək yerinə şir bəsləyən “Azər Turanın Xəlil Rza Ulutürkə cavab məktubundakı sətirlərə diqqət yetirin: “… Məktublarınızı oxudum…
Və bildim ki, görəcəyimiz iş nə qədər çətin olacaq. Amma biz… sizdən qat-qat güclü olmağa borcluyuq. Ən böyük inamımız budur ki, qarşıdan XXI  əsr gəlir. Üçüncü minillikdən üzü bəri dəli, dolu, məğrur, cəsur və qanadlı bir Azərbaycan gəlir… Bu Azərbaycan dalğaları qasırğada şahə qalxan Xəzərin dərin qatlarından mərmər və qranit çıxaracaq, adı Füzuli ilə yanaşı çəkilməyə layiq Əlibəy Hüseynzadəyə, Cavidə elə heykəllər qoyacağıq ki, dünyanın hər bir qütbündən aşkar görünsün…”
Azər Turan bu sətirləri yazanda 1985-ci il idi. Xalqın azadlıq istəyini, “dəli, dolu, məğrur, cəsur və qanadlı Azərbaycan”ın gələcəyi ilə bağlı arzularını böyük inamla qələmə almışdı. Bu, son dərəcə güclü ideoloji və emosional çağırış idi.
Öz qaynar ədəbi fəaliyyətilə ədəbiyyatımızın ön cərgəsində olan, xalqın mənəvi dünyasını ziyalı məsuliyyəti və təəssübkeşliyi ilə qoruyan Azər Turan halallıq üzərində qurulan uzun, incə və çətin bir yolun yolçusudur. Yazdıqlarıyla da, mövqeyiylə də xalqın ruhuna dayaq, mənəvi dəyərlərin keşiyindədir. “Uzun, incə bir yolda” kitabı bu haqq yolçusunun illər boyu keçdiyi mənəvi yola düşüncə axtarışlarına işıq tutur. Azər Turan ömrünə işıq salan bu kitabı oxumağı hər birinizə tövsiyə edirik.

P.S.Toplunun müəllifi Elnarə xanıma isə gələcək ədəbi və ömür yolunda daha böyük qibtəediləcək uğurlar arzulayıram.
Elnarə xanım, sizin ömrünüz yalnız illərin sayı ilə deyil, sözün, düşüncənin və işığın miqyası ilə ölçülür. Siz ədəbiyyatın incə yollarında addımladıqca, hər addımınız yeni bir işıq sütunu kimi yüksəlir.
Doğum gününüz – sadəcə təqvimdə bir tarix deyil, həm də ruhunuzu, zəhmətinizi, ziyalılığınızı yad edən bir mərasimdir. Sizə sağlam can, sonsuz güc, işinizdə tükənməz qüvvət arzulayıram. Ailənizin sevincli günləri daim sizinlə olsun, hər səhər yeni bir ümid, hər axşam yeni bir dua gətirsin.
Və unutmayın: sizin “kiçik qardaşım” dediyiniz Fuad Biləsuvarlı bu yolda sizinlə sevinir, sizinlə qürurlanır.

Bu təbrik bir dua kimidir:
Uzun incə bir yolda – sözün, işığın və sevginin yolunda – daim ucalasınız!

 

 

Hörmətlə, kiçik qardaşın 
Fuad Biləsuvarlı 
AYB və AJB üzvü, Prezident və Həsən bəy Zərdabi mükafatçısı 

Mənbə: Azərbaycan.media