Azərbaycan.media xəbər verir ki, Prezident İlham Əliyev Kənd Təsərrüfatı Nazirliyi üçün iki yeni müavin təyin edib.
Yeni müavinlər Seymur Səfərli və Zaur Əliyevdir.
Seymur Səfərli bakalavr və magistr təhsilini Azərbaycan İnşaat Mühəndisləri Universitetində, meliorasiya mühəndis sistemlərinin tikintisi ixtisası üzrə alıb. 2007-ci ildən aqrar elmlər üzrə fəlsəfə doktorudur. O, uzun illər kənd təsərrüfatı sahəsində, xüsusilə bitkiçilik, suvarma və meliorasiya istiqamətlərində çalışıb. Əmək fəaliyyəti dövründə dövlət qurumlarında və aqrar sahədə müxtəlif rəhbər vəzifələrdə çalışıb, o cümlədən “Azərşəkər” MMC-də kənd təsərrüfatı üzrə rəhbər və əməliyyatlar departamentinin rəhbəri vəzifələrini icra edib. Təyinata qədər nazirliyin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri olub. İngilis və rus dillərini bilir, ailəlidir, iki övladı var.
Zaur Əliyev isə bakalavr və magistr təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində, mühasibat uçotu və audit ixtisası üzrə alıb, həmçinin Almaniyanın Vaynştefan Tətbiqi Elmlər Universitetində Biznesin təşkili və idarə edilməsi (kənd təsərrüfatı üzrə) ixtisası üzrə magistr təhsili alıb. O, əmək fəaliyyəti dövründə beynəlxalq və yerli layihələrdə iştirak edərək kənd təsərrüfatı layihələrinin icrası və koordinasiyası üzrə təcrübə qazanıb. Dövlət qurumlarında və özəl sektorda müxtəlif rəhbər vəzifələrdə çalışıb, o cümlədən “Yalama Aqropark” MMC-də direktor və “Garant Holding”də kənd təsərrüfatı layihələri üzrə menecer vəzifələrində fəaliyyət göstərib. İngilis, alman və rus dillərini bilir, ailəlidir, iki övladı var.
Bu təyinatlar Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətinin gücləndirilməsi və aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi məqsədini daşıyır.
