🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

SÖZÜN SÜKUTA QALİB GƏLDİYİ AN

Elə anlar var ki, söz sadəcə aciz qalır, nə qədər bəzəsən də, nə qədər cilalasan da, həqiqətin ağırlığı qarşısında sınır və həmin anda sükut qalib gəlir, bu, sözün zəifliyi deyil, gerçəyin böyüklüyüdür. İnsan danışmaqla hər şeyi həll etdiyini zənn edir, halbuki həyat elə yaralar açır ki, onları nə şeir sarıya bilir, nə nəsihət, nə də təsəlli dolu cümlələr, ölüm qarşısında, xəyanət qarşısında, ağır ədalətsizlik qarşısında söz bəzən artıq yalandır, çünki deyilən hər kəlmə acını azaltmaq əvəzinə onu ucuzlaşdırır. Belə anlarda susmaq qaçmaq deyil, həqiqəti saxtalaşdırmamaqdır. Söz çox vaxt özünü haqlı çıxarmaq üçün işlədilir, sükut isə bəhanəsizdir, özünü müdafiə etmir, sadəcə durur və olanı olduğu kimi qəbul edir. İnsanı ən çox incidən anlarda “danış” deyənlər çox olur, amma bəzən danışmaq daxildə qopan fırtınanı ifadə etməyə yetmir, çünki ağrı cümlə tanımır. Ana övladını itirəndə, övlad atasını torpağa verəndə, insan illərlə inandığı dəyərlərin dağıldığını görəndə söz artıq təsəlli olmur, yükə çevrilir. Sükut bu nöqtədə bir etirazdır. “Bu dərdin adı yoxdur” deməyin başqa formasıdır. Cəmiyyətdə də sözün sükuta uduzduğu anlar olur, haqsızlıq o qədər açıq, zülm o qədər bariz olur ki, onu izah etməyə çalışan nitqlər sadəcə vaxt itirir. Susqun baxışlar, başıaşağı duruşlar, danışmayan kütlələr bəzən min şüardan daha aydın mesaj verir və bu sükut hakimiyyətlər üçün qorxuludur, çünki o, deyilən yox, yığılan həqiqətdir. İnsan münasibətlərində də eyni qayda işləyir. Qırılan qəlb hər şeyi demir, çünki deyilən söz bəzən geri dönüşü olmayan cığır açır. Susmaqla insan ya özünü qoruyur, ya da qarşısındakına son fürsəti verir, çünki sükut “mən hələ də buradayam” da ola bilər, “artıq bitdi” də. Sevgi də bu sınaqdan keçir, sözlə süslənən sevgilər tez sönür, amma eyni sükutu paylaşa bilən insanlar bir-birinin içini danışmadan oxuya bilir. Söz izah edir, sükut isə hökm çıxarır. Söz mübahisə yaradır, sükut isə nöqtə qoyur. İnsan nəhayət anlayır ki, hər şeyi demək cəsarət deyil, bəzən deməmək daha böyük məsuliyyətdir, çünki susmaq insanı öz vicdanı ilə tək qoyur və bu təkliyin içində heç bir kəlmə insanı xilas etmir. Məhz bu səbəbdən sözün sükuta qalib gələ bilmədiyi anlar insanın yetkinləşdiyi anlardır; o anlarda insan artıq danışmaqla özünü yüngülləşdirmir, susmaqla həqiqətin ağırlığını daşıyır və anlayır ki, bəzi həqiqətlər səslə deyil, səssizliklə yaşanır.

 

✍Sevil Azadqızı
Azərbaycan dili və ədəbiyyatı müəllimi. Filoloq. Ədəbi təhlil-tənqidçi. Yazar-publisist.
27.01.2026

Mənbə: Azərbaycan.media