Azərbaycan.media xəbər verir ki, Hindistan və Banqladeşdə Nipah virusunun yayılması ilə bağlı vəziyyət narahatlıq doğurur. Epidemiya Hindistanın şərqindəki Qərbi Benqal əyalətində başlayıb. Hazırda beş yoluxma halı təsdiqlənib və təxminən 100 nəfər evdə karantinə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) virusla bağlı təcili araşdırma aparılmasına çağırış edib.
İnfeksion Xəstəlikləri və Klinik Mikrobiologiya mütəxəssisi Vasif Əliyev bildirib ki, Nipah virusu dərman və peyvəndi olmayan, ölüm nisbəti yüksək xəstəlikdir. Xəstəlik əsasən yarasa və donuzların ifrazatları ilə çirklənmiş yeməklərdən və ya xəstə insanlarla yaxın təmas zamanı hava-damcı yolu ilə yoluxa bilər.
Mütəxəssis əlavə edib ki, virus asimptomatik də keçə bilər və yoluxan şəxslərin təxminən 70%-i ölümlə nəticələnə bilər. Xəstəlik ağciyərdə atipik pnevmoniya və beyin iltihabı (ensefalit) ilə özünü göstərə bilər, ən ciddi formalarında 24-48 saat ərzində xəstənin komaya düşməsinə və ölümə səbəb ola bilər.
V. Əliyev vurğulayıb ki, insanlar arasında virusun ötürülmə faizi aşağıdır, buna görə narahatlığa əsas yoxdur. Risk qrupunda olan ölkələrə səfər edərkən inkubasiya dövrü (4-14 gün) nəzərə alınmalı və şübhəli halda dərhal həkimə müraciət edilməlidir.
Qeyd olunur ki, Azərbaycan Səhiyyə Nazirliyindən verilən rəsmi məlumatda bildirilib ki, ölkəmizdə Nipah virusu ilə bağlı yoluxma halı yoxdur və virus endemik hesab edilmir.
