Azərbaycan.media xəbər verir ki, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər əsasında, əkin yerinin yandırılması ilə bağlı təkrar törədilən pozuntular üçün yeni cərimə və inzibati həbs tədbirləri müəyyənləşdirilib.
Məcəlləyə əsasən:
Fiziki şəxslər ilkin pozuntuya görə 400–600 manat, vəzifəli şəxslər 1 500–2 000 manat, hüquqi şəxslər isə 5 000–6 000 manat məbləğində cərimə edilə bilər. Eyni zamanda, hallara və pozuntu törədənin şəxsiyyətinə görə bu tədbirlər kifayət etmədikdə, fiziki və vəzifəli şəxslərə 1 aya qədər inzibati həbs tətbiq oluna bilər.
Əgər həmin pozuntu inzibati tənbeh qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilərsə, yeni cərimələr artırılır:
Fiziki şəxslər – 600–800 manat,
Vəzifəli şəxslər – 2 000–2 500 manat,
Hüquqi şəxslər – 6 000–7 000 manat.
Təkrar pozuntulara görə inzibati həbs müddəti 1–2 ayadək ola bilər.
Qeyd olunur ki, bu dəyişikliklər təbii sərvətlərin qorunması və əkin sahələrinin yanğından mühafizəsini gücləndirmək məqsədini daşıyır.
