🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Səhiyyə Nazirliyi: Azərbaycanda Nipah virusu ilə bağlı epidemioloji təhlükə yoxdur

Azərbaycan.media xəbər verir ki, Azərbaycanda hazırda Nipah virusu ilə bağlı heç bir yoluxma halı qeydə alınmayıb. Bu barədə Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, virus ölkə üçün endemik hesab edilmir və mövcud epidemioloji vəziyyətə əsasən əhali üçün real təhlükə mövcud deyil. “Daxili yayılma riski aşağı qiymətləndirilir və proses Səhiyyə Nazirliyi tərəfindən daim nəzarətdə saxlanılır”, – məlumatda qeyd olunub.

Nazirliyin açıqlamasında vurğulanıb ki, Nipah virusu Paramyxoviridae ailəsinə aid zoonoz mənşəli, yəni heyvandan insana keçən, xüsusi təhlükəli yoluxucu xəstəlik törədicisidir. İnsanlara əsasən yarasalar tərəfindən çirkləndirilmiş meyvə və meyvə şirələrinin qəbulu, yoluxmuş heyvanlarla (xüsusilə donuzlarla) təmas, eləcə də nadir hallarda xəstə insandan hava-damcı yolu ilə keçə bilər.

Xəstəliyin inkubasiya dövrünün adətən 5–14 gün olduğu, bəzi hallarda isə 45 günə qədər uzana bildiyi bildirilib. Kliniki əlamətlərə yüksək hərarət, baş, əzələ və boğaz ağrısı, şüurun pozulması, ensefalit, qıcolmalar, ağır hallarda isə koma daxildir. Hazırda xəstəliyə qarşı spesifik müalicə və peyvənd mövcud deyil, müalicə əsasən simptomatik xarakter daşıyır.

Rəsmi məlumatda qeyd olunub ki, Azərbaycanda epidemioloji risk səviyyəsi aşağıdır və xəstəlik yalnız kənardan gətirilmə yolu ilə mümkün ola bilər. Virusun insandan insana asan ötürülməməsi səbəbindən geniş yayılma ehtimalı minimal hesab olunur.

Səhiyyə Nazirliyi tərəfindən vəziyyətin davamlı izlənildiyi, xüsusilə sərhəd-keçid məntəqələrində sanitar-epidemioloji nəzarətin gücləndirildiyi bildirilib. Şübhəli hallar aşkar edildikdə, Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin 2 və 3-cü bioloji təhlükəsizlik səviyyəli laboratoriyalarında müvafiq müayinələrin aparılması mümkündür.

Eyni zamanda, Ümumdünya Səhiyyə Təşkilatının və digər beynəlxalq qurumların məlumatlarının mütəmadi izlənildiyi qeyd olunub.

Profilaktik məqsədlə yarasalar tərəfindən çirkləndirilə biləcək meyvələrin yuyulmadan yeyilməməsi, pasterizə olunmamış meyvə şirələrindən istifadə edilməməsi, xəstə şəxslərlə təmas zamanı fərdi qoruyucu vasitələrdən istifadə olunması tövsiyə edilir.

Hazırkı mərhələdə əhali üçün əlavə xüsusi məhdudiyyətlərə ehtiyac olmadığı, ümumi sanitariya-gigiyenik qaydalara riayət edilməsinin kifayət etdiyi vurğulanıb. Endemik ərazilərdən qayıdan şəxslərə isə sağlamlıqlarını müşahidə etmək və şübhəli simptomlar yaranarsa vaxtında həkimə müraciət etmək tövsiyə olunur.

Rəsmi məlumata görə, vəziyyət tam nəzarət altındadırtəşviş üçün əsas yoxdur.