🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Daşaltı əməliyyatının 34 ili tamam oldu – qurbanların xatirəsi yad edilir

Azərbaycan.media xəbər verir ki, Daşaltı kəndinin erməni silahlı birləşmələrindən təmizlənməsi məqsədilə keçirilən əməliyyatdan 34 il ötür. Bu əməliyyat I Qarabağ müharibəsi dövründə Azərbaycan Ordusunun həm ağır məğlubiyyət, həm də qəhrəmanlıq nümunəsi kimi tarixə düşüb.

Əməliyyat 1992-ci il, yanvarın 25-də saat 20:00-da başlayıb və yanvarın 26-da gecə uğursuzluqla başa çatıb. Şuşa yaxınlığında yerləşən Daşaltı kəndinin azad edilməsi məqsədilə keçirilən əməliyyata sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev birbaşa rəhbərlik edib. Əməliyyatda yeni yaranmış Azərbaycan Ordusunun könüllülərdən ibarət 3 bölüyü və Şuşa şəhərinin müdafiə taborunun döyüşçüləri iştirak edib.

Amma taktiki səhvlər, rabitə çatışmazlığı, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti nəticəsində Nəbilər kəndi istiqamətindən Daşaltıya daxil olan Azərbaycan əsgərləri düşmənin pusqusuna düşərək tamamilə məhv edilib. Kəndə daxil olmuş bir neçə taqım isə xeyli itki verərək geri çəkilə bilib.

Rəsmi məlumatlara görə, əməliyyat zamanı Azərbaycan Ordusu 90 nəfərdən artıq itki verib, əlavə olaraq bir çox əsgər itkin düşmüş sayılır. Döyüşdə ermənilər də bir neçə texnika və təxminən 80 nəfər canlı qüvvə itkisi verib.

2020-ci il noyabrın 9-da Azərbaycan Ordusu 1991-ci ildən işğal altında olan Daşaltı kəndini azad edib və beləliklə, 28 ildən sonra əməliyyatın qisası alınmış oldu.

Azərbaycan Prezidenti İlham Əliyev Daşaltı kəndinin yenidən qurulması ilə bağlı görüləcək işlərlə tanış olub. Burada özəl investisiya hesabına inşa ediləcək yeni yaşayış kompleksi və turizm obyektləri, həmçinin Daşaltı kənd məscidində tikinti işləri həyata keçiriləcək.

İşğaldan azad edilmiş torpaqlarda, o cümlədən Daşaltı kəndində kütləvi məzarlıqlar aşkarlanıb. Aşkar edilmiş meyit qalıqlarından bir çoxu itkin düşmüş Azərbaycan hərbçilərinə – Abdullayev Nurəli Hacıbaba oğlu, Qurbanov Nofəl Nəriman oğlu, Rüstəmov Araz Bağı oğlu, Hüseynov Gülverdi Ağahüseyn oğlu, Abbasov Məhərrəm Abbas oğlu, Niftəliyev Adil Kamal oğlu, Mikayılov Baba Balakişi oğlu, Məmmədov Elmar İnqilab oğlu, Qasımov Veysəl Qasım oğlu və Əhmədov Riad Fikrət oğlu – aid olduğu müəyyən edilib.

Bu gün Daşaltı əməliyyatı Azərbaycan hərb tarixində həm qəhrəmanlıq, həm də itkilər nümunəsi kimi xatırlanır.