Qurban Qurbanov: “Alınmayanda alınmır, hər bir xal dəyərlidir” – “Qarabağ”ın baş məşqçisindən “Kəpəz” məğlubiyyətinə münasibət
Azərbaycan.media xəbər verir ki, Misli Premyer Liqasının 17-ci turu çərçivəsində keçirilən “Qarabağ” – “Kəpəz” oyunu Gəncə təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qarşılaşmadan sonra mətbuata açıqlama verərək oyunla bağlı fikirlərini bölüşüb. Təcrübəli mütəxəssis ilk olaraq rəqib komandanı təbrik edib və “Kəpəz”in baş məşqçisi Azər Bağırovun kollektivinin layiqli qələbə qazandığını bildirib.
Qurbanov mövsümün ikinci hissəsinə istədikləri kimi başlaya bilmədiklərini etiraf edib:
“Çox yaxşı mübarizə apardılar və layiqli qalibiyyət əldə etdilər. Çox istəkli idilər, udmaq istəyirdilər. Futbolçularıma gəlincə, alınmayanda alınmır. Əziyyət çəkdilər, yoruldular. Çempionatın ikinci hissəsinə daha yaxşı başlamaq istəyirdik. Buna baxmayaraq, qarşıda asan oyunumuz olmayacaq. Bütün matçlara maksimum hazırlıq, maksimum motivasiya ilə çıxmalıyıq”.
Baş məşqçi qarşıdakı oyunlara da toxunaraq, komandanın daha məsuliyyətli və aktiv olmalı olduğunu vurğulayıb:
“Qarşıdakı günlərdə ‘Liverpul’la matça hazırlaşmalıyıq. Komandalar daha təcrübəli olublar, bir-birini daha yaxşı tanıyırlar. Daha aktiv, məsuliyyətli olmalıyıq. Mübarizə aparacağıq. Hər bir xal dəyərlidir”.
Qeyd edək ki, “Qarabağ” üçün bu məğlubiyyət çempionatın ikinci yarısına arzuolunmaz start kimi qiymətləndirilir.
