🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Qulu Məhərrəmli: “Rusiya istədiyi əraziləri əldə etməyincə müharibəni dayandırmayacaq”

Azərbaycan.media xəbər verir ki, professor, əməkdar jurnalist Qulu Məhərrəmli Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin yaxın perspektivdə bitməyəcəyini bildirib. Onun sözlərinə görə, Moskva yalnız özünün “strateji məqsəd” kimi müəyyənləşdirdiyi əraziləri nəzarətə götürdükdən sonra müharibəni dayandırmaq niyyətində ola bilər.
Qulu Məhərrəmli qeyd edib ki, dünən Rusiya prezidenti Vladimir Putinin ABŞ prezidentinin xüsusi elçiləri ilə keçirdiyi görüşdən sonra Kremlin yaydığı bəyanat bu mövqenin açıq göstəricisidir. Həmin bəyanatda Rusiyanın mövqeyindən geri çəkilmədiyi və müharibə kursunu davam etdirmək niyyətində olduğu açıq şəkildə hiss olunur.
Əməkdar jurnalist vurğulayıb ki, bu cür açıq və həyasız mövqe fonunda Avropa ölkələrinin passiv və ehtiyatlı davranışı ciddi narahatlıq doğurur:
“Ukraynaya dəstək verən, lakin bunu yetərincə qətiyyətli şəkildə etməyən Avropa artıq Moskvanın bu açıq bəyanatlarını nəzərə almalıdır. Əks halda Rusiya təzyiq siyasətini daha da genişləndirəcək. Kiyevə hərbi və siyasi dəstək gücləndirilməli, Ukraynanın müdafiə imkanları real şəkildə artırılmalıdır”.
Qulu Məhərrəmli əlavə edib ki, müharibə Rusiyaya da çox ağır itkilər bahasına başa gəlib. Onun sözlərinə görə, Rusiya bu müharibədə 170 minə yaxın hərbçi itirməsinə, milyardlarla maddi vəsait xərcləməsinə baxmayaraq, strateji məqsədlərinə nail ola bilməyib. Buna baxmayaraq, Kreml geri addım atmaq əvəzinə müharibəni uzatmaq yolunu seçir.
Professorun fikrincə, mövcud vəziyyət göstərir ki, müharibənin taleyi böyük ölçüdə Qərbin, xüsusilə Avropa ölkələrinin siyasi iradəsindən və Ukraynaya göstərilən real dəstəyin səviyyəsindən asılı olacaq. Əgər bu dəstək gücləndirilməzsə, münaqişə uzunmüddətli və daha ağır nəticələr doğuran mərhələyə keçə bilər.

 

Mənbə: Azərbaycan.media