Azərbaycan.media xəbər verir ki, dünyanın müxtəlif ölkələrindən olan və aralarında dünya səviyyəsində tanınmış şəxslərin də yer aldığı 800-dən çox kinematoqraf İranda etiraz aksiyaları ilə bağlı birgə bəyanat yayıb. Bu barədə Axar.az The Hollywood Reporter nəşrinə istinadən məlumat yayıb.
Bəyanatda bildirilib ki, heç bir hakimiyyət öz siyasi mövcudluğunu qoruyub saxlamaq üçün həqiqəti ört-basdır etmək və narazıları susdurmaq hüququna malik deyil.
Sənəddə **İran hökuməti**nin etirazçılara qarşı misli görünməmiş qəddarlığa əl atdığı vurğulanaraq, Tehran rejiminin əməllərinin bəşəriyyətə qarşı cinayətə bərabər olduğu qeyd edilib:
“İran xalqının zülmə, yoxsulluğa, ayrı-seçkiliyə və struktur ədalətsizliyinə qarşı geniş yayılmış və dinc etirazlarına cavab olaraq, İslam Respublikası xalqın səsini dinləmək əvəzinə, güllə, kütləvi qətllər, kütləvi həbslər, işgəncələr və ölkə miqyasında internetin bağlanması ilə cavab verdi”.
Bəyanat müəllifləri müstəqil beynəlxalq qurumları, film festivallarını, mədəniyyət və incəsənət təşkilatlarını, eləcə də qlobal rejissorlar və sənətçilər birliklərini İranda törədilən cinayətləri açıq şəkildə pisləməyə və İslam Respublikasının rəsmi qurumları ilə münasibətləri yenidən nəzərdən keçirməyə çağırıblar.
