🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

“Mövcud sosial müdafiə sistemi vətəndaşın real ehtiyaclarını tam ödəmir” – professor Rəsmiyyə Sabir

Azərbaycan.media xəbər verir ki, son illər Azərbaycanda pensiya yaşı, pensiya məbləğləri, sosial müavinətlər, tələbə təqaüdləri və minimum əməkhaqqı ilə bağlı müzakirələr cəmiyyətdə geniş rezonans doğurur. İctimai narazılığın əsas səbəbləri sırasında sosial sığorta mexanizminin mahiyyəti, Dövlət Sosial Müdafiə Fondunun maliyyə dayanıqlığı, qeyri-formal məşğulluğun təsiri və sosial ödənişlərin inflyasiya fonunda real ehtiyacları ödəməməsi xüsusi yer tutur.

Bu mövzular ətrafında iqtisad elmləri doktoru, professor Rəsmiyyə Sabir Crossmedia.az-a geniş müsahibəsində mövcud sosial müdafiə və pensiya sisteminin problemlərini, üstün və zəif cəhətlərini ətraflı şəkildə şərh edib.

Professor bildirib ki, 2006-cı ildə qəbul edilən “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunlar mühüm islahat olmaqla sosial sığorta ilə sosial yardım sistemlərini bir-birindən ayırıb. Onun sözlərinə görə, bu gün pensiya yalnız sosial sığorta stajı və ödənişləri olan şəxslərə şamil edilir, sığorta stajı olmayan şəxslər isə 65 yaşdan sonra yaşa görə müavinət alırlar. Cəmiyyətdə isə pensiya ilə müavinətin tez-tez qarışdırılması yanlış gözləntilər yaradır.

Rəsmiyyə Sabir qeyd edib ki, sosial müavinətlərin böyük əksəriyyətinin məbləği yaşayış minimumundan aşağıdır və bu, sosial ədalət prinsiplərinə ziddir. Onun fikrincə, xüsusilə ailə başçısını itirmiş, işləməyən və gəliri olmayan ailələr üçün müavinətlər yaşayış minimumuna uyğunlaşdırılmalıdır. Professor 2024-cü ildə ehtiyac meyarının yaşayış minimumuna bərabərləşdirilməsini müsbət addım kimi qiymətləndirib.

İqtisadçı işsizlik probleminə də toxunaraq bildirib ki, ölkədə məşğul əhalinin böyük hissəsi 1000 manata qədər əməkhaqqı alır və bu da ailələr üçün yetərli deyil. Onun sözlərinə görə, aşağı maaşlar insanları işləməkdən çəkindirir, bu isə sosial sistemə əlavə yük yaradır. Rəsmiyyə Sabir hesab edir ki, bu problemin həlli üçün insan kapitalına investisiyalar artırılmalı, peşə hazırlığı və ixtisasartırma proqramları əmək bazarının real tələblərinə uyğunlaşdırılmalıdır.

Pensiya kapitalı məsələsinə münasibət bildirən professor vurğulayıb ki, hazırkı qanunvericilikdə vəfat etmiş şəxsin pensiya kapitalının varislər tərəfindən birdəfəlik götürülməsi nəzərdə tutulmayıb. Bunun əsas səbəbi isə Dövlət Sosial Müdafiə Fondunun maliyyə dayanıqlığının hələ tam təmin olunmamasıdır. O, eyni zamanda Azərbaycanda qeyri-dövlət pensiya fondlarının olmamasını ciddi boşluq kimi dəyərləndirib və beynəlxalq təcrübəyə istinad edərək bu mexanizmin tətbiqinin həm dövlət, həm də vətəndaş üçün faydalı olacağını bildirib.

Tələbə təqaüdləri ilə bağlı danışan Rəsmiyyə Sabir qeyd edib ki, təqaüdlər inflyasiya səviyyəsinə uyğun olaraq hər il indeksasiya olunmalıdır. Onun fikrincə, tələbələr aztəminatlı sosial qrup sayıldığından, ən azı bəzi təqaüdlərin məbləği yaşayış minimumuna yaxınlaşdırılmalıdır.

Pensiya yaşının artırılması məsələsinə münasibətdə isə professor bildirib ki, Azərbaycanda pensiya yaşı ilə doğulanda gözlənilən ömür uzunluğu arasındakı fərq bir çox ölkələrlə müqayisədə çox azdır. Bu səbəbdən pensiya yaşının artırılmasını hazırkı reallıqlarda məqsədəuyğun hesab etmir. O vurğulayıb ki, dövlət sosial yükü azaltmaqla yanaşı, vətəndaşın sosial təhlükəsizliyini də prioritet saymalıdır.

Rəsmiyyə Sabirin fikrincə, sosial müdafiə sistemi bazar mexanizmlərinə tam buraxıla bilməz və dövlət öz vətəndaşını yoxsulluq, işsizlik və sosial risklərdən qorumağa borcludur.