Azərbaycan.media xəbər verir ki, Gürcüstan ABŞ Prezidenti Donald Trampın Qəzza üzrə Sülh Şurasına üzv olmaq üçün dəvət olunmayıb.
Gürcüstan parlamentinin birinci sədr müavini Gia Volski dəvətin alınmamasını ölkənin şurada iştirakına ehtiyacın olmaması ilə izah edib. Onun sözlərinə görə, Sülh Şurasına yalnız müharibə ilə bağlı ciddi proseslərin baş verdiyi ölkələr dəvət olunub.
“Gürcüstan dünyadakı vəziyyətə təsir edə bilməyəcək kiçik resursları ilə düzgün mövqe tutub. Gələcəkdə Gürcüstan ətrafında qarşıdurmaların inkişafı gözlənilmir. Proseslərin necə cərəyan edəcəyinə baxacağıq. Əgər bu gün dəvət alınmayıbsa, sabah və yaxud biri gün dəvət alına bilər”, – vitse-spiker əlavə edib.
Gürcü ekspertlər isə hesab edirlər ki, Tramp Gürcüstanın Sülh Şurasında iştirakını zəruri hesab etmir və ölkə ABŞ lideri üçün böyük strateji əhəmiyyət kəsb etmir, diqqət isə digər bölgələrə yönəldilib.
Qeyd edək ki, Azərbaycan və Ermənistan Sülh Şurasına qoşulmaq üçün dəvət alıb və hər iki ölkə dəvəti qəbul edib.
Xatırladaq ki, Gürcüstan-ABŞ münasibətlərində gərginlik 2024-cü ilin sonundan davam edir. 2024-cü ilin noyabrın 30-da Vaşinqton Tbilisi ilə 2009-cu ildə əsası qoyulan strateji tərəfdaşlığı dayandırıb. Gürcüstan hökuməti tərəfdaşlığı bərpa etməyə hazır olduğunu dəfələrlə bildirib, lakin ABŞ rəsmi mövqeyini hələ açıqlamayıb.
