🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Milli Məclisdə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin yaz sessiyasının ilk iclası keçirilib

Azərbaycan.media xəbər verir ki, yanvarın 21-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2026-cı ilin yaz sessiyasında ilk iclası baş tutub. Komitə sədri Arzu Nağıyev iclası açaraq, yeni sessiyada komitə üzvlərinə uğurlar arzulayıb.

Arzu Nağıyev ötən il ölkə həyatında baş verən hadisələrin əhəmiyyətindən danışıb və komitə üzvlərinin üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirdiklərini vurğulayıb. O, Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətin dövlətin müstəqilliyinin möhkəmləndirilməsinə, milli təhlükəsizliyin təmin olunmasına və ölkənin beynəlxalq nüfuzunun güclənməsinə xidmət etdiyini qeyd edib.

İclasın gündəliyinə 2025-ci ilin payız sessiyası dövründə komitədə görülən işlər barədə hesabat və 2026-cı ilin yaz sessiyası üçün iş planının layihəsi daxil edilib. Arzu Nağıyev bildirib ki, payız sessiyasında komitə 24 iclas keçirib, 19 məsələyə baxıb və 5 qanun layihəsi üç oxunuşda, 2 qanun layihəsi isə bir oxunuşda qəbul edilib.

Hesabat dövründə komitəyə vətəndaşlardan və müxtəlif təşkilatlardan daxil olmuş 236 ərizə, məktub və digər sənədlər, həmçinin elektron məktublar nəzərdən keçirilib, məsələlərlə bağlı müvafiq tədbirlər görülüb və vətəndaşlara izahat verilib. 46 ərizə və müraciət aidiyyəti qurumlara göndərilib və əksəriyyətinin həlli təmin edilib.

Arzu Nağıyev həmçinin payız sessiyası dövründə komitə sədrinin və üzvlərinin ölkə daxilində və xaricdə keçirilən beynəlxalq tədbirlərdə fəal iştirak etdiyini bildirib. Yaz sessiyası üçün iş planına qanunvericilik təşəbbüslərinin müzakirəsi, bəzi qanunlarda dəyişikliklərin nəzərdən keçirilməsi, hərbi səfərbərlik və hərbi xidmətlə bağlı ictimai dinləmələrin keçirilməsi, həmçinin vətəndaş müraciətlərinə baxılması və seçicilərlə görüşlərin təşkili daxil edilib.

Müzakirələr zamanı komitə sədr müavini Qüdrət Həsənquliyev və üzvlər Hikmət Məmmədov, Aydın Mirzəzadə, Rizvan Nəbiyev, Elman Məmmədov sənədlər barədə öz fikirlərini və təkliflərini səsləndiriblər.

İclasın sonunda 2025-ci ilin payız sessiyasında görülən işlər barədə hesabat məqbul sayılıb, 2026-cı ilin yaz sessiyası üçün iş planının layihəsi təsdiqlənib. Tədbirdə komitə üzvləri Kamal Cəfərov, Azər Kərimli, Qaya Məmmədov, Ramid Namazov, Gülşən Paşayeva, Səbinə Salmanova, Samir Vəliyev və digər rəsmi şəxslər iştirak ediblər.