Azərbaycan.media xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yanvarın 22-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 0–3 dərəcə şaxta, gündüz isə 5–8 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 770 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət gecə saatlarında 80–85 %, gündüz isə 55–65 % olacaq. Gecə və səhər saatlarında yolların buz bağlaması ehtimal olunur.
Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə arabir duman müşahidə olunacaq, mülayim qərb küləyi əsəcək.
Rayonlarda havanın temperaturu gecə 3–7 dərəcə şaxta, gündüz 4–7 dərəcə isti, dağlıq ərazilərdə gecə 5–10 dərəcə, yüksək dağlıq ərazilərdə isə 17–22 dərəcə şaxta, gündüz 2–6 dərəcə şaxta olacaq.
Sinoptiklər xəbərdarlıq edir ki, respublikanın əksər bölgələrində yolların buz bağlaması gözlənilir.
