Azərbaycan.media xəbər verir ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin 11-ci taqımının əməkdaşları Ələt–Astara avtomobil yolunun 143-cü kilometrində “Range Rover” markalı, 90-YC-977 dövlət qeydiyyat nişanlı avtomobili saxlayıb.
İdarədən bildirilib ki, sürücü Əli Rəsulov məsuliyyətdən yayınmaq məqsədilə təhlükəli manevrlər edib. Araşdırmalar göstərib ki, o, nəqliyyat vasitəsini həm sərxoş, həm də narkotik təsiri altında idarə edib.
Faktla bağlı materiallar məhkəməyə göndərilib və Ə.Rəsulov inzibati qaydada həbs edilib.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha vurğulayıb ki, yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücülərə qarşı qanunvericiliyin tələblərinə uyğun tədbirlər davam etdiriləcək. Qeyd olunub ki, polis xidmətinin əsas məqsədi cəzalandırmaq deyil, vətəndaşların həyat və sağlamlığını qorumaq və etibarlı yol mühiti yaratmaqdır.
