Azərbaycan.media xəbər verir ki, Prezident İlham Əliyev yanvarın 9-da Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalamı, “Zayed İnsan Qardaşlığı Mükafatı”nın münsiflər heyətinin üzvləri – Avropa İttifaqı Şurasının sabiq Prezidenti Şarl Mişel və Afrika İttifaqı Komissiyasının sabiq sədri Musa Fakini qəbul edərkən sülhün önəmi barədə danışıb.
Dövlət başçısı bildirib ki, sülh şəraitində yaşamağa öyrəşmək xoş hissdir: “Hiss edirsiniz ki, müharibə artıq yoxdur, əlavə qurbanlar yoxdur, qan artıq tökülmür. Siz xalq, ölkə və inkişaf, rifah, sabitlik üçün daha çox işlər görə bilərsiniz”.
Prezident vurğulayıb ki, Azərbaycan ilə Ermənistan arasında əldə olunmuş razılaşma və mütərəqqi qrupun verdiyi qiymət göstərir ki, sülhə nail olmaq üçün güclü siyasi iradə lazımdır: “Bunu ürəkdən arzulamalısınız. Bunu sözdə yox, əməldə etməlisiniz. Bu cür səylər dəyərləndirildiyi halda Siz daha da həvəslənirsiniz və qlobal xəritədə insanların hələ də müharibədə öldüyü digər yerlərə də sülh mesajını verirsiniz”.
Qeyd edək ki, Prezident İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülüb.
