Azərbaycan.media xəbər verir ki, Sabirabad rayonunda 16 yaşlı Nuranə Ələkbərovanın həyat yoldaşı Seyidrəsul Talıbzadə tərəfindən qətlə yetirilməsinin təfərrüatları məlum olub.
Hadisə 2025-ci il mayın 17-də Güdəcühür kəndində baş verib. İttihama görə, 2004-cü il təvəllüdlü Seyidrəsul Talıbzadə 2009-cu il təvəllüdlü Nuranə ilə 2024-cü ilin iyun ayında tanış olub və onun könüllü razılığı ilə qeyri-rəsmi nikah münasibətinə daxil olublar. Toy mərasimi həmin ilin oktyabrında Şirvan şəhərində “Ağsaray” şadlıq evində keçirilib.
Cinayət motivi kimi Talıbzadə Nuranənin sosial şəbəkələrdəki fəaliyyətinə görə ona xəyanət etdiyindən şübhələnməsini göstərib. Qısqanclıq zəminində Talıbzadə Nuranəni aldadaraq mayın 17-də Şirvan şəhərindəki evindən götürüb və Sabirabad rayonunun Güdəcühür kəndindəki “Tuqay” meşəsinin yaxınlığında onu boğaraq öldürüb. Sonra meyiti Kür çayına atıb.
Talıbzadə ifadəsində hadisədən peşman olduğunu bildirərək cinayəti törətdiyi günü və sonrakı hərəkətlərini detallı izah edib. O, həmçinin psixi sağlamlıqla bağlı qeydiyyatda olduğunu, əvvəllər dərman qəbul etdiyini və hərbi xidmətə aparılmadığını qeyd edib.
Zərərçəkmişin atası İlkin Ələkbərov bildirib ki, qızının yaşı 16 olub və onun qaçırılmasından xəbərdar olub, lakin Talıbzadə qızı geri verməyib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılan iş üzrə Seyidrəsul Talıbzadə 11 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.
