🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

Azərbaycan.media xəbər verir ki, Rusiyanın paytaxtı Moskva şəhərində Azərbaycanın Rusiyadakı səfirliyində 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbirdə səfir Rəhman Mustafayev, səfirliyin əməkdaşları, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin təmsilçiləri, Rusiya təhsil alan azərbaycanlı tələbələr və Rusiyadakı Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər. Onlar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin səfirlik binasındakı barelyefinin və 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr edilmiş bannerin önünə gül dəstələri qoyaraq şəhidlərin xatirəsini ehtiramla yad ediblər. Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbirdə vurğulanıb ki, Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyev 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində mətbuat konfransı keçirərək Bakıda törədilmiş vəhşilikləri qətiyyətlə pisləyib, onları dinc əhaliyə qarşı terror adlandırıb. O, baş vermiş hadisəyə siyasi-hüquqi qiymət verilməsini və faciəni törədənlərin məsuliyyətə cəlb olunmasını tələb edərək Azərbaycan xalqı ilə həmrəyliyini nümayiş etdirib.

Tədbirdə qeyd olunub ki, məhz Heydər Əliyevin təşəbbüsü və əzmkarlığı sayəsində 20 Yanvar faciəsinə sonradan dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib. Həmin qanlı günlərin şahidi olan iştirakçılar isə 1990-cı ilin Yanvar hadisələri ilə bağlı xatirələrini bölüşüblər.