Azərbaycan.media xəbər verir ki, Ukrayna 1991-ci il sərhədlərinə hərbi yol ilə qayıtmaq imkanına malik deyil. Bu fikri Ukrayna Ali Radasının deputatı Dmitri Razumkov səsləndirib.
Deputat bildirib ki, cəbhədə mövcud vəziyyət və Kiyevin hazırkı hərbi-siyasi durumu itirilmiş ərazilərin güc yolu ilə geri qaytarılmasını istisna edir. Onun sözlərinə görə, Prezident Vladimir Zelenskinin bu mövzu ilə bağlı ritorikası da son dövrlərdə nəzərəçarpacaq dərəcədə dəyişib. Halbuki əvvəllər rəsmi bəyanatlarda və sülh planlarında 1991-ci il sərhədləri əsas hədəf kimi təqdim olunurdu.
Razumkov qeyd edib ki, Kiyev hakimiyyətinin son aylardakı açıqlamalarında ziddiyyətlər müşahidə olunur. Belə ki, bəzi hallarda ərazi şərtləri olmadan danışıqların mümkünsüz olduğu vurğulanır, digər hallarda isə bu məqsədə hərbi yolla nail olmağın real olmadığı etiraf edilir.
Xatırladaq ki, Rusiya tərəfi dəfələrlə Rusiya Federasiyasının tərkibinə daxil etdiyini elan etdiyi regionları ölkənin ayrılmaz hissəsi hesab etdiyini və onların statusunun müzakirə mövzusu olmadığını bəyan edib.
