Azərbaycan.media xəbər verir ki, Azərbaycan Teatr Xadimləri İttifaqında rejissor, pedaqoq, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovun rəhbərlik etdiyi “Rejissor laboratoriyası”nda Anton Pavloviç Çexovun “Ayı” əsəri əsasında hazırlanan eyniadlı tamaşanın məşqlərinə başlanılıb.
Tamaşanın quruluşçu rejissoru Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetin rejissorluq fakültəsinin birinci kurs tələbəsi Samirə Əşrəf, musiqi tərtibatçısı isə Ağasəlim Feyzullayevdir.
Səhnə əsərində universitetin tələbələri Hüseyn Quluzadə (Qriqori Stepanoviç Smirnov), Türkel Ələsgər (Yelena İvanovna Popova) və Nərmin Ağayeva (Anfisa) rolları canlandıracaqlar.
Əsər gənc yaşda dul qalan Popovanın yaslı və sakit həyatının, mərhum ərinin borclu qaldığı Smirnov tərəfindən pozulmasını izləyir. Borcun qaytarılması üçün Popova və qulluqçu Anfisa çıxış yolu axtararkən, hadisələr gözlənilməz məcraya yönəlir.
Qeyd edək ki, tamaşa mart ayında Teatr Xadimləri İttifaqında təqdim olunacaq.





