Azərbaycan.media xəbər verir ki, “Əli və Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli Liv Bona Dea xəstəxanasında planlı əməliyyat zamanı və sonrasında yaşadığı ağır vəziyyətlə bağlı geniş açıqlama yayıb.
N.Köçərli bildirib ki, yanvarın 14-də səhər saat 7-də Liv Bona Dea xəstəxanasına planlı açıq ginekoloji əməliyyat üçün daxil olub. Ödəniş edildikdən sonra, saat 7:30-da tibb personalının tələbi ilə həyat yoldaşı Şahbaz Köçərli ilə ayrılıb və onu yalnız saat 15:00-da, ağır vəziyyətdə yenidən görüb.
Onun sözlərinə görə, əməliyyatdan sonra ayıldıqda dözülməz ağrılar hiss edib və dəfələrlə əlavə anesteziya olunması üçün yalvarıb. Köçərli bildirib ki, ağrılar adi postoperativ ağrılardan qat-qat güclü olub və bu barədə tibb personalına dəfələrlə məlumat versə də, uzun müddət heç bir reaksiya verilməyib.
Nigar Köçərli iddia edib ki, tibb bacılarından biri prosedur zamanı kobud davranıb, sonrakı mərhələdə isə əlavə anesteziyanın yalnız ödəniş qarşılığında ediləcəyi bildirilib. Anesteziya vurulana qədər bir neçə dəfə huşunu itirdiyini qeyd edən Köçərli, ayıldıqdan sonra da kobud rəftarla üzləşdiyini bildirib.
O vurğulayıb ki, əməliyyatın normalda 1–2 saat çəkməli olduğu halda, 6 saat davam etməsinin səbəbi barədə nə özü, nə də həyat yoldaşı məlumatlandırılıb. Bu müddət ərzində Şahbaz Köçərlinin xəstəxanada saxlanıldığı və ona heç bir məlumat verilmədiyi qeyd olunub. Sonradan məlum olub ki, planlı ginekoloji əməliyyat yer çatışmazlığı səbəbindən kardioloji şöbədə aparılıb.
Nigar Köçərli şikayətlərdən sonra xəstəxana rəhbərliyinin araşdırma aparılacağına dair vəd verdiyini, lakin üç gün ərzində bu istiqamətdə heç bir nəticə əldə olunmadığını bildirib.
O, yanvarın 16-da xəstəxanadan çıxarkən bədənində epidural anesteziyadan sonra çıxarılmalı olan şlanq və sarğıların qaldığını, üç gün ərzində heç kimin buna nəzarət etmədiyini də açıqlayıb. Evə buraxıldıqdan sonra çağırılan tibb bacısı tərəfindən əlavə problemlərin aşkarlandığını və hazırda da səhhətində ciddi narahatlıqların davam etdiyini qeyd edib.
Paylaşımının sonunda Nigar Köçərli başına gələnlərlə bağlı sual edərək yazıb ki, bu cür rəftarla üzləşməmək üçün nə etməli olduğunu anlamır və yaşadıqlarının onu dərin psixoloji sarsıntıya saldığını vurğulayıb.
