Azərbaycan.media xəbər verir ki, Baş nazir Əli Əsədov yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin maaşlarına verilən müddətli əlavələrin müddətini uzadıb.
Qərara əsasən, COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə əlavə ödənişlər 2026-cı il aprelin 1-dək veriləcək. Əvvəl bu müddət 2026-cı il yanvarın 1-i kimi müəyyən edilmişdi.
Müddətli əlavələrin məbləği işçilərin fəaliyyət sahəsinə görə fərqləndirilir:
Tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə – aylıq vəzifə (tarif) maaşının 3 misli;
Təcili tibbi yardım xidməti göstərən işçilərə, bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, həmçinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə – aylıq vəzifə (tarif) maaşının 4 misli;
Pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə – aylıq vəzifə (tarif) maaşının 5 misli.
Qeyd olunub ki, müddətli əlavələr iş vaxtına mütənasib olaraq ödənilir və COVID-19 ilə əlaqəli əmək şəraitində çalışan bütün dövlət tibb müəssisələrinin işçilərinə şamil olunur.
Bu addım tibb işçilərinin əmək haqlarının qorunması və onların sosial təminatının gücləndirilməsi məqsədini daşıyır.
