🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Ağ Evdə ABŞ-Grenlandiya-Danimarka görüşü diplomatik qalmaqalla bitib

Azərbaycan.media xəbər verir ki, ABŞ vitse-prezidenti Cey Di Vens və dövlət katibi Marko Rubio Ağ Evdə Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen və Qrenlandiyanın xarici işlər naziri Vivian Motzfeldt ilə kritik görüş keçiriblər.

Görüş Prezident Donald Trampın Qrenlandiyanın ABŞ nəzarətinə keçməsi ilə bağlı təzyiqlərini artırdığı bir vaxtda baş tutub. Görüşdən bir neçə saat əvvəl Tramp öz sosial media hesabında adanın ABŞ-ın milli təhlükəsizliyi üçün “olmazsa olmaz” olduğunu vurğulayaraq NATO-nu bu prosesdə liderlik etməyə çağırıb və Qrenlandiyanın ABŞ-ın əlində olmamasını “qəbulolunmaz” adlandırıb.

Məlumata görə, Danimarka və Qrenlandiya nümayəndə heyəti əvvəlcə görüşün yalnız Marko Rubio ilə keçirilməsini istəsə də, vitse-prezident Cey Di Vensin şəxsən iştirak etmək istəyi səbəbindən görüş yeri Dövlət Departamentindən Ağ Evə dəyişdirilib. Qeyd olunur ki, Vens bir qədər əvvəl Danimarkanı Qrenlandiyaya “pis müttəfiqlik” göstərməkdə və adanı diqqətdən kənarda saxlamaqda ittiham etmişdi.

AFP-nin müxbiri Denni Kempin məlumatına görə, görüş diplomatik qalmaqalla nəticələnib. Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen və Qrenlandiyanın xarici işlər naziri Vivian Motzfeldt danışıqların başlanmasından cəmi 1,5 saat sonra zalı tərk ediblər.

Müşahidəçilər bildirirlər ki, dialoq planlaşdırılandan xeyli əvvəl dayandırılıb və nazirlər hiddətli şəkildə Ağ Evdən çıxaraq rəsmi avtomobilləri gözləmədən piyada ərazidən uzaqlaşıblar. Bu hadisə Vaşinqton və Kopenhagen arasında münasibətlərin tamamilə gərginləşdiyinin göstəricisi kimi qiymətləndirilir.