Azərbaycan.media xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff Qəzza zolağında vəziyyətin tənzimlənməsinə dair sülh planının ikinci mərhələsinin həyata keçirilməsinə başlandığını açıqlayıb.
Stiv Uitkoff bu barədə “X” sosial şəbəkəsindəki səhifəsində paylaşım edib. O bildirib ki, ABŞ Prezidenti Donald Trampın adından Qəzzada münaqişənin başa çatdırılması məqsədi daşıyan 20 maddəlik planın ikinci mərhələsi artıq qüvvəyə minib.
Uitkoffun sözlərinə görə, sülh planının ikinci mərhələsi bir sıra mühüm siyasi və təhlükəsizlik addımlarını əhatə edir. Bu mərhələdə Qəzzada keçid administrasiyasının yaradılması, anklavın demilitarizasiyası və bərpası prosesinin başlanması nəzərdə tutulur.
Xüsusi elçi qeyd edib ki, planın icrası çərçivəsində ilk növbədə bütün səlahiyyətsiz silahlı şəxslərin tərk-silah edilməsi həyata keçiriləcək. Daha sonra isə Qəzzada texnokratik Fələstin keçid administrasiyasının və Qəzzanın idarə olunması üzrə milli komitənin yaradılması planlaşdırılır. Eyni zamanda, anklavın tam demilitarizasiyası və bərpası prosesinə start veriləcək.
Stiv Uitkoff əlavə edib ki, ABŞ HƏMAS hərəkatının üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməsini və son ölən girovun meyitinin geri qaytarılmasını gözləyir. Onun sözlərinə görə, bu tələblərin icra olunmaması ciddi nəticələrə səbəb ola bilər.
