Azərbaycan.media xəbər verir ki, Culfa Rayon İcra Hakimiyyətində 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat tədbiri keçirilib.
Tədbirdə Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova çıxış edərək bildirib ki, tikinti-quruculuq işləri 2025-ci ildə də diqqət mərkəzində saxlanılıb. Culfa şəhərində 132/110/35/10 Kvt-luq yarımstansiya və “Darıdağ” Arsenli Su Müalicəxanasının tikintisi davam etdirilib, Bənəniyar Su anbarını qidalandıran 6550 metrlik “Sağ-sahil” kanalının yenidən qurulmasına başlanılıb. Şəhərdə prospekt və küçələrdə 8 yaşayış binasının istilik xətləri yenilənib, Yaycı və Ərəfsə kəndlərində yeni mərasim evləri istifadəyə verilib. Həmçinin 3,3 km məsafədə Gal və Şurud kənddaxili yollarında əsaslı təmir işləri aparılıb.
S.Hüseynova həmçinin rayonun aqrar sektorunu təhlil edərək bildirib ki, 2025-ci ildə kənd təsərrüfatı məhsul istehsalı 2024-cü illə müqayisədə 1 milyon 653 min 900 manat artaraq 45 milyon 20 min 200 manat təşkil edib. 155 ailə təsərrüfatçısına dövlət dəstəyi göstərilib və məhsulları Culfa və Naxçıvan şəhərlərində bazarlara çıxarılıb.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli çıxışında bildirib ki, muxtar respublikanın 2023-2027-ci illəri əhatə edən dövlət proqramı regionun sosial-iqtisadi inkişafının yeni mərhələsini müəyyənləşdirir. Proqram çərçivəsində iqtisadi fəallığın artırılması, sahibkarlığın dəstəklənməsi, məşğulluğun genişləndirilməsi və əhalinin rifahının yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
